Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.04.2021

Cəsur komandir, igid döyüşçü Döyüş yoldaşları onu belə xatırlayırlar...

Ötən ilin 27 sentyabr və 9 noyabr tarixləri xalqımızın və ordumuzun sınaq ili oldu. Ön cəbhədə, eyni səngərdə əsgərlə birlikdə generalın da sinəsini gülləyə sipər etməsi içilən anda sədaqətin bariz nümunəsi idi.

DİN Daxili Qoşunlarının təlimlərdə bərkiyən, əsl döyüş ab-havasında xidmət aparan gənc komandirləri – çiynində “leytenant” rütbəsi daşıyan hərbi qulluqçuları da torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın hücum əmrini gözləyirdi. Onlardan biri də leytenant Məmmədov Qəzənfər Habil oğlu idi. O, 23 avqust 1996-cı ildə Gəncə şəhərində doğulub. Qəzənfər 5-ci sinifə qədər Moskvada 363 saylı tam orta məktəbdə oxuyub. Sonra Gəncə şəhərində Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Riyaziyyat və tarix fənlərinə daha çox maraq göstərib, dünyagörüşünü artırmaq üçün səylə çalışıb, mütaliəyə xüsusi diqqət yetirib. Orta məktəbin ictimai həyatında da fəal olub.
Qəzənfər idmanın basketbol növü ilə məşğul olub, yarışlarda uğurla iştirak edərək medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Ümumilikdə, onun formalaşmasında sağlam həyat tərzi, idman və təhsil kimi amillər vacib rol oynayıb. Kiçik yaşlarından təşkilatçılıq, liderlik, etibarlı yoldaşlıq, dürüstlük, xeyirxahlıq cəhətləri özünü büruzə verib.

O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür yolunu Vətən naminə fədakarlığın təzahürü kimi özünə örnək bilirdi. Ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi. O tarixi günü, hücum əmrini böyük ruh yüksəkliyi ilə gözləyirdi. Məhz buna görə də yoldaşlarından fərqli olaraq hərbçi peşəsini seçdi.
Qəzənfər 2014-2018-ci illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Ali Hərbi Məktəbdə də tədris və təlimdə fəallığına görə müsbət xarakterizə olunub. Daxili Qoşunların layiqli yetirməsi kimi hərbi xidməti dövründə etimadı doğrultduğu üçün adı Ali Hərbi Məktəbin ilk buraxılış heyəti məzunlarının siyahısında idi.

2018-ci ilin iyununda leytenant Q.Məmmədov qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə göndərilib, burada xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində qrup komandiri vəzifəsinə təyin edilib. Komandiri olduğu qrupun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində bilik və bacarığını əsirgəməyib. Tabeliyindəki hərbi qulluqçuların təlim-tərbiyəsi prosesində təcrübəli komandirlərin tövsiyələrinə diqqətlə yanaşıb. O, şəxsi heyətə hər zaman qayğı göstərib, hərbi kollektivdə birliyin qorunub saxlanılmasında öz məsuliyyətini dərk edib. Bununla yanaşı, Qəzənfər komandiri olduğu hərbi qulluqçulara fərdi söhbətlər zamanı, nəzəri və praktiki məşğələlərdə vətənpərvərlik hisslərini aşılayıb. Onları qarşıya qoyulan istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazırlayıb.
Vətən müharibəsi başlayanda “N” saylı hərbi hissədən döyüş bölgəsinə ezam edilən leytenant Q.Məmmədov tabeliyindəki döyüşçülərlə birgə Füzuli, Xocavənd və Şuşa ətrafında döyüşlər zamanı düşmənə ağır zərbələr vurub.

Onunla birgə döyüş yolu keçmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Xəyal Yaşılov, baş əsgər Bəxtiyar Həsənov və əsgər Elvin Qurbanəliyev komandirləri haqqında qürurla danışdılar, onun hər bir döyüşçüyə komandirdən çox qardaş münasibəti göstərdiyini söylədilər. Laçın-Şuşa yolunu nəzarətə götürməyə, bununla düşmənin bu istiqamətdən hərəkətini kəsməyə imkan verən əlverişli yüksəkliyin alınması və saxlanmasında leytenant Q.Məmmədovun komandiri olduğu qrupun şəxsi heyəti də fərqlənib. Düşmənin yenidən hücuma keçərək həmin yüksəkliyi geri almaq və yolu açmaq cəhdlərinin qarşısı alınıb. Noyabrın 6-dan 7-nə keçən gecə ağır döyüşlərdə leytenant Q.Məmmədov şəhidlik zirvəsinə ucalıb.

Şəhid hərbi qulluqçumuz noyabrın 12-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15, 25 və 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə leytenant Q.Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Yalçın Abbasov

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər