Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.04.2021

Koronavirus xəstələri saxlanılıb Maarifləndirmə və mübarizə tədbirləri davam etdirilir

COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu məqsədlə paytaxtımızda və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır.
Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, iaşə obyektlərində profilaktik söhbətlər aparılaraq sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir.

Buna baxmayaraq bəzi vətəndaşlar bu virusun ağır fəsadlara gətirib çıxaracağının mahiyyətinə varmır, qaydalara riayət etməyə məsuliyyətlə yanaşmırlar. Narahatçılıq doğuran əsas səbəblərdən biri “COVID-19” infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olmasıdır. Təəssüflər olsun ki, belə xəstələrə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk edirlər. Son günlər əsasən, Bakı şəhəri də daxil olmaqla İmişli, Şabran, Bərdə, Ağdaş və Balakən rayonlarında belə hallar qeydə alınıb.

Belə ki, aprelin 2-də polis əməkdaşları tərəfindən respublika ərazisində 18, 3-ü və 4-də 12, 5-də isə 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıblar.
Yeri gəlmişkən, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib. Xüsusi geyim geyinən və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərində qalmalarının həm özləri, həm də başqalarının yoluxmaması üçün zəruri olduğu bildirilib. Hər hansı bir sosial və digər məsələlər ilə bağlı narahatlıqları olduğu təqdirdə RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər