Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.04.2021

Qürur duyur, təşəkkür edirlər...Qürur duyur, təşəkkür edirlər...

Polisi gözdən salmaq, onun nüfuzuna zərbə vurmaq istəyənlərin niyyəti bəllidir. Əslində, ağa qara demək onların köhnə şakəridir. Amma elin gözü tərəzidir.
Sabitliyi, asayişi etibarlı qoruyub ona həvalə edilən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışan, özü darda, çətində olsa belə köməyə tələsən həmkarlarımızın fəaliyyəti nə gözdən yayınır, nə də ki, diqqətdən kənar qalır. Elə DİN-ə ünvanlanan təşəkkür dolu məktublarda bu səmimi hisslər ürək açır, könül xoş edir.
Onlardan biri ilə sizləri tanış edirik.
Lənkəran rayonunun Gərmətük kənd sakini Şərafət Əsgərov: “Mənim 67 yaşım var. Pensiya kartımı dəyişdirmək üçün banka getmişdim. Xeyli adam növbəyə durmuşdu. Yaşlı bir qadın da daşın üstündə əyləşib öz növbəsini gözləyirdi. Bu vaxt bir polis maşını dayandı. Maşından düşən polis əməkdaşı ona yaxınlaşıb nəsə soruşdu. Sonra o, növbə gözləyənlərlə salamlaşdı. Orada duranlardan xahiş etdi ki, yaşlı qadının növbədənkənar içəri keçməsinə icazə versinlər. Razılıq aldıqdan sonra o, yaşlı qadının əlindən tutub içəri gətirdi. Həmin qadının işi həll olunduqdan sonra onu bir taksiyə əyləşdirib gedəcəyi ünvana yola saldı.
Polis əməkdaşının bu xoş münasibəti hamımızda qürur hissi oyatdı. Orada olan hər kəs ona öz minnətdarlığını bildirdi. Mən asayiş keşikçisinə yaxınlaşıb gördüyüm mənzərəyə görə təşəkkür etdikdən sonra adını soruşdum. O isə: “Dövlətimizi, vətəndaşlarımızı qorumaq, onlara dəstək olmaq, hər kəsə lazımi köməkliyi etmək bizim borcumuzdur”, - deyib xidməti avtomobilə əyləşdi.
Həmin gündən bəri o səhnə gözümün qarşısında canlanır. Çox xoşbəxtik ki, Azərbaycan kimi dövlətin vətəndaşlarıyıq və bizi qoruyan, hörmət edən belə oğullarımız var. Mən öz adımdan və ailəm adından əmin-amanlığın, sabitliyin keşiyində duran Azərbaycan Polisinə bu çətin və şərəfli peşəsində uğurlar arzulayır, dərin minnətdarlığımı bildirirəm”

Geriyə Çap et


Faydalı keçidlər
Linklər