Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.04.2021

Fədakarlığı və igidliyi xatirələrdə yaşayacaq...

Müharibə hər bir xalq üçün ən ağır sınaqdır və Azərbaycan xalqının da taleyinə müharibə acıları yazılıb.
Tariximizdə silinməz izlər qoyan Qarabağ müharibəsi zəfərimizlə başa çatdı. Qalib xalq, qalib ordu, Müzəffər Ali Baş Komandan ərazi bütövlüyümüzə diş qıcıyanlara elə bir dərs verdi ki, bu uzun illər onların yaddaşından silinməyəcək.
Hərbi zəfərimizlə başa çatan Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəhid olan 66 nəfər hərbi qulluqçusundan biri də baş leytenant Mustafayev Təhmasib Sərməst oğludur.
O, 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində doğulub.
1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Mustafayevlər ailəsi də didərgin düşüb.
Təhmasib 2007-ci ildə Kürdəmir rayonunun Topalhəsənli kəndindəki Vahid Əhmədov adına tam orta məktəbi bitirib.
O, 2008-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissəsində xidmət keçib. 2009-cu ilin oktyabr ayında ehtiyata buraxılıb.

Həyatını rəğbət bəslədiyi
hərbçi peşəsinə bağlamaq barədə qərar verən Təhmasib 2010-cu ilin aprel ayının 14-dən etibarən Daxili Qoşunların sıralarına qayıdıb. Lənkəran rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin tərkibində AQS-17 qumbaraatanı heyətinin komandiri vəzifəsinə təyin edilib. Xüsusi təyinatlı kimi qarşıya qoyulan tapşırıqların icrasında əzmkarlıq və çalışqanlıq göstərib.
19.12.2011 - 06.04.2012-ci illərdə Təhmasib Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jandarm gizir komando təməl kursunu keçib. Hərbi qulluqçumuz qardaş ölkədə, həmçinin, sualtı dalğıc proqramı üzrə təlimi bacarıqla başa çatdırıb.
2012-2014-cü illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təhsil alıb.

2014-cü ilin iyulunda Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin patrul taborunda taqım komandiri vəzifəsinə irəli çəkilib. 2015-ci ilin aprel ayında həmin hərbi hissədə komendant bölüyündə taqım komandiri vəzifəsinə keçirilib. 2016-cı ilin dekabrında isə ona hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsi etibar olunub.
Baş leytenant T.Mustafayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı kimi iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib.
Hərbçimiz Cəbrayıl rayonu ərazisində gecə vaxtı hərəkət edən hərbi avtomobillərimizin minalanmış sahəyə daxil olmasının qarşısını alaraq təhlükəsiz yerə istiqamətləndirib.
Döyüş yoldaşları deyir ki, 2020-ci il noyabrın 4-də Şuşa-Laçın yolu üzərindəki yüksəkliyin müdafiəsində dayanan zaman baş leytenant T.Mustafayev yaralı döyüşçülərimizin olduqları postlara özünü yetirib, onlara ilk yardım göstərilməsini təşkil edib. Ancaq düşmənin mövqelərimizi minaatanlardan şiddətli atəşə tutması nəticəsində şəhid olub.
Şəhid hərbi qulluqçumuz 11.11.2020-ci il tarixdə Biləsuvar rayonunda yerləşən, cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbənin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə baş leytenant T.Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin, Azərbaycan Respublikası müdafiə nazirinin 28.12.2020-ci il tarixli əmri ilə baş leytenant
T.Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb.

Təhmasibin Faidə adlı qız övladı bizlərə yadigar qalıb.
Tezliklə Cəbrayıl və işğaldan azad edilən digər rayonlarımız bərpa olunacaq, soydaşlarımız öz yurdlarına qayıdacaqlar. Bu qayıdış üçün canlarını qurban vermiş şəhidlərimizin xatirəsi daim ehtiramla anılacaq. Vətən torpağında şərəfli iz qoymaq, elin yaddaşında unudulmamaq əbədi yaşamaq deməkdir.
Yalçın Abbasov

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər