Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.03.2021

Güvənilən mühafizə, qətiyyətli mübarizə Mühafizə polisi mənzil və obyektlərin etibarlı keşikçisidir

Əmlakını qorumaq məqsədilə təhlükəsiz tədbirləri həyata keçirmək ilk növbədə əmlak sahibinin üzərinə düşür. Adətən, mənzillərdə kamera nəzarət sistemlərinin quraşdırılması oğurluq cinayətlərinə qarşı effektiv üsul kimi tövsiyə edilir.
Doğrudur, mənzilə təhlükəsizlik kamerası quraşdırmağın cinayətkarın yaxalanmasına və məsuliyyətə cəlb olunmasına köməyi dəyir. Çünki belə nəzarət kameraları daha çox dəlil-sübut “toplayır”, bu da cinayətin üstünün açılması üçün zəruridir. Ancaq, bu “üstünlük” cinayətin qarşısının alınmasında heç də həmişə arzuolunan nəticəni vermir.

Buna görə də mənzil və obyektlərdə oğurluq cinayətlərindən sığortalanmaq üçün DİN Baş Mühafizə İdarəsinin xidmətindən istifadə etmək ən doğru seçimdir. Təsadüfi deyil ki, ölkəmizdə polisin indiyədək mühafizə etdiyi yaşayış yerində və ya obyektdə qarət hadisəsi baş tutmayıb, əmlakı qorunan şəxs zərər çəkməyib. Oğurluğa cəhd edənin ən böyük “uğuru” uzaqbaşı, cinayət başında yaxalanmaq olub, bundan daha artığına “macal tapmayıb”.
Çünki polis əmlakı müasir siqnalizasiya sistemi ilə mühafizə edir. Sistemin də ən böyük üstünlüyü ondan ibarətdir ki, polis yaşayış yerini siqnalizasiya ilə qoruduğuna görə əmlaka kənar müdaxilədən dərhal xəbər tutur. Yüksək həssaslığa malik texniki vasitələr evdə baş verən ən cüzi dəyişiklikləri belə qeydə alır və həyəcan siqnalının işə düşməsindən bir neçə dəqiqə sonra polis özünü hadisə yerinə çatdırır.
Yeri gəlmişkən, DİN Baş Mühafizə İdarəsindən aldığımız məlumata görə, ötən il Mərkəzi Mühafizə Məntəqəsi vasitəsilə qorunan obyekt və mənzillərdən 241 həyəcan siqnalı daxil olub. Oğurluğa cəhd edən 5 nəfər mənzildə, 28 nəfər isə obyektdə “iş başında” tutulub. “Həyəcan” siqnalının 12-si yanğınla bağlı olub ki, polis 3 mənzil, 9 obyektdə hadisədən vaxtında xəbər tutub, tədbir görüb.

Aparılan təhlillər göstərir ki, obyekt sahibləri mühafizə xidmətindən daha çox istifadə edir. Məsələn, hazırda 6810 mənzil bu sistemlə qorunursa, 12055 obyekt mərkəzi mühafizəyə qoşulmaqla bu rəqəmi təxminən iki dəfə üstələyir. Halbuki, istər hüquqi, istərsə də fiziki şəxs olsun, Baş Mühafizə İdarəsi ilə bağlanmış müqavilə əsasında əmlakının etibarlı qorunmasını təmin edə bilər. Mərkəzləşdirilmiş təhlükəsizlik sistemi mənzillərin qorunması üçün də olduqca effektivdir.

Mühafizə xidmətindən yararlanmağın digər bir üstünlüyü, hər hansı səbəbdən, hətta, oğurluq baş tutmuş olsa belə zərərin ödənilməsidir. Oğurluq nəticəsində mənzil sahibinə zərər dəyərsə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, maddi məsuliyyət öhdəliyini polis öz üzərinə götürür ki, bu da əmlak sahibinin cinayətdən hərtərəfli sığortalanması mənasına gəlir. Eləcə də, oğurluq etmiş şəxslərə qarşı iddia qaldırılmasında iştirak etməklə, zərərçəkmişin qanuni maraqlarının və pozulmuş hüquqlarının da bərpasına yaxından dəstək verilir.

Məlumat üçün bildirək ki, ötən il mülkiyyət əleyhinə olan cinayətlərin sayı azalıb. Bu isə onu göstərir ki, vətəndaşların can və əmlak güvənliyi yüksək səviyyədə təmin olunur. Çünki mənzillərinin mühafizəsini müasir maddi-texniki təminata malik peşəkar polis əməkdaşlarına etibar edənlər, həm əmlaklarının tam qorunmasına nail olur, həm də kriminogen vəziyyətin daha da aşağı düşməsinə, cinayətkarlığa qarşı mübarizəyə töhfə verirlər.

Rəşad Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər