Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.03.2021

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinə

Yarandığı gündən şərəfli bir xidmət yolu keçən, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət və qəhrəmanlıqlar göstərmiş Daxili Qoşunlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq dövlətçiliyin sütunlarından birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əvəzsiz diqqəti və qayğısı sayəsində bu gün davamlı inkişafda olan Qoşunların döyüş hazırlığı, təchizatı, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi yüksək səviyyədədir. Öz andına sadiq olan hərbçilərimizin respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında professionallığı və qətiyyəti özünü Vətən müharibəsi dövründə bir daha təsdiqləmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatlarında fəal iştirak edən Qoşunların hərbçiləri Şuşa şəhərinin, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında mərdlik, igidlik və qəhrəmanlıqlar göstərmiş, yüksək dövlət təltiflərinə layiq görülmüşlər. Qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqlənən bir qrup hərbi qulluqçunun Möhtərəm Prezidentin sərəncamı ilə bu peşə bayramı ərəfəsində də mükafatlandırılması Zati-alilərinin Qoşunların şəxsi heyətinin xidmətlərinə verdiyi ali dəyərin və etimadının əyani ifadəsidir. Daxili Qoşunların yaranmasının 29-cu ildönümü münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə uğurlar arzulayıram!

Vilayət Eyvazov, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik

Geriyə Çap et


Faydalı keçidlər
Linklər