Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.02.2021

Tarix yazan oğul

Vətən müharibəsində qəhrəmancasına döyüşərək ağır yaralanmış gizir Rasim Yaxin 1988-ci il avqustun 4-də Bakıda doğulub. Milliyyətcə tatar olan qazimiz orta təhsilini Səbail rayonundakı Etibar Əliyev adına 162 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2006-2008-ci illərdə Milli Qvardiyanın xüsusi təyinatlı bölməsində keçib. 2011-ci ildən Daxili Qoşunların “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.
2014-cü ilin sentyabrından 2015-ci ilin mart ayınadək Daxili Qoşunların Ali Hərbi Məktəbində və 2020-ci ilin fevral ayının 10-dan 28-dək Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Özəl Asayiş Komandanlığında müvafiq olaraq “Gizir hazırlığı kursu” və “Qış dağ arama-qurtarma və xizək sürmə kursu”nda təhsil alıb.
O, 2018-ci ilin may ayından yaralandığı günədək xüsusi təyinatlı dəstədə yarımqrup komandiri kimi yüksək hərbi intizamı ilə fərqlənib, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, eləcə də bir sıra mükafatlarla təltif edilib.

Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşub: “Qismətimə qazi və ya şəhid olmaq yazılıbsa belə, bunun ilk döyüşlərdə baş verməsini istəmirdim. Çünki ən böyük arzum sonadək vuruşmaq və torpaqlarımızı azad görmək idi. İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində oldu. Sonra Cəbrayıl və Füzuli rayonlarının bir sıra yaşayış məntəqələrinin, yüksəkliklərin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında yaxından iştirak etdik. Ən son tapşırığımız isə Şuşanın azad olunması idi. Noyabrın 6-da axşam Şuşaya hücuma keçdik. Şuşa istiqamətində aparılan uğurlu döyüş əməliyyatı nəticəsində bir neçə strateji yüksəklik düşməndən azad edildi. Ertəsi günün axşamı ermənilər mövqelərimizi tank və minaatanlardan güclü atəşə tutdular... Bir də o yadımdadır ki, qulağımda möhkəm səs əmələ gəldi. Hər yeri qırmızı görürdüm, nəfəs ala bilmirdim. Özümə gələndə gördüm ki, sol biləyim yoxdur”.
Noyabrın 8-də digər yaralılar kimi, onu da əvvəlcə Hadrut qəsəbəsinə, sonra isə Bakıya, Daxili Qoşunların Hərbi Hospitalına təxliyə ediblər.
Gizir R.Yaxin 3 dəfə əməliyyat olunsa da gözünün biri hələ nuruna qovuşmayıb. Azərbaycan vətəndaşı olduğu üçün fəxr edir. Deyir ki, bu torpağın suyunu içib, çörəyini yeyib. Bundan sonra da Vətənimiz uğrunda vuruşmağa və müdafiəsində dayanmağa hazırdır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Redaksiyadan: Qarabağı işğaldan azad etməyimiz dünyaya möcüzə kimi gəlsə də bu, əslində, həm bizim haqqımız, həm də xalq olaraq XXI əsrdə özünütəsdiq imkanı idi.
Ərazi bütövlüyümüz uğrunda mücadiləmizin bünövrəsi-Azərbaycançılıq idealogiyası inanırıq ki, bizləri daha böyük hədəflərə doğru aparacaq, milli kimliyimizdən asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəs “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyərək, dünyanın harasında olursa-olsun birliyimizin, bütövlüyümüzün rəmzinə çevriləcəkdir.
Anar Əhmədov,
mayor

Geriyə Çap et


Faydalı keçidlər
Linklər