Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.02.2021

Həmkarlarımız təltif olundu

Bugünlərdə Milli Məclisin Gənclər və idman komitəsində bir qrup gənc idmançı və məşqçilərlə Gənclər gününə həsr olunmuş görüş keçirilib. Görüşdə dünyanı cənginə almış pandemiya vaxtı keçirilən məşqlər, bir sıra digər məsələlər müzakirə olunub və Vətən savaşında Qələbənin qazanılmasında idmançılarımızın da böyük rolunun olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Elə buna görədir ki, son illər Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib.
Görüşdə iştirak edən idmançılarımız dövlət tərəfindən yaradılmış şəraiti, göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək qarşıdakı yarışlardan, pandemiya dövrünün yaratdığı çətinliklərdən danışıblar.

Sonra Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən gənc idmançılar, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və Azərbaycanda idmanın inkişafında göstərdiyi xidmətlərə görə məşqçi müəllimlər “Fəxri fərman”la təltif ediliblər.
Təltif edilənlər arasında həmkarımız əməkdar məşqçi, ölkəmizin Yeniyetmə Gənclərdən İbarət Milli Komandasının baş məşqçisi, polis baş serjantı Hikmət Hacıyev, DİN-nin İdman Cəmiyyətinin yetirmələri - dünya və Avropa çempionu, 2 qat Prezident mükafatçısı Ramal Aslanov və Avropa çempionu Əkbər Əsədov da yer alıblar.
İnanırıq ki, bizə öz uğurları ilə qürur hissi yaşadan gənclərimiz bundan sonra da nailiyyətləri və qələbələri ilə xalqımızı daim sevindirəcək, üçrəngli bayrağımızı ən mötəbər tribunalarda dalğalandıracaqlar.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər