Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.02.2021

Eşitdiklərimizi gözlərimizlə gördük

İctimai yerlərdə insanların çoxluğu bir müddət əvvəl yumşaldılan sərt karantin rejimindən sonra normal həyata dönmənin ilkin əlaməti kimi özünü göstərir. Yoluxma sayında azalmalar və peyvəndləmə tədbirləri qışın ortasında ümidlərimizi cücərdib...
Pandemiya insanların sağlamlıqlarının qorunması üçün tibb işçilərindən əlavə, ən çox polisin fəaliyyətinə təsir etdi – işin miqyasını artırdı.
Sağlamlığımızın və səbrimizinin sınağa çəkildiyi bu çətin dönəmdə polisin bayır xidmətini yerində görmək, göstərmək və ümumən, fəaliyyətinə vətəndaşların münasibətlərini öz dillərindən eşitmək niyyətilə insanların çox olduğu məkanlardan birinə, Xətai rayonundakı Heydər Əliyev parkına yollandıq.
Parkda ilk diqqətimizi çəkən skamyalarda əyləşən yaşlıların, günəşli günü fürsət bilib uşaqlarını açıq havaya çıxarıb gəzdirən valideynlərin tibbi maskalardan istifadə etmələri odlu. Cəmi bir il əvvəl olsaydı, qışın bu vaxtında yaz havası kimi günəşli olan bu günün qəribə hadisəsi maskalı adamlar olardı...
Görəsən, bu, parkın müxtəlif ərazilərində Daxili Qoşunların hərbi qulluqçuları ilə var-gəl edən Post Patrul Xidmətinin əməkdaşlarına görədir, yoxsa insanlar artıq pandemiya reallığına alışıblar?
Ərazidə qarşılaşdığımız Xətai RPİ Post Patrul Xidməti Bölüyünun komandir müavini, polis kapitanı Qiyas Məmmədov deyir ki, vətəndaşlar polisin inzibati tənbehindən qorunmaq üçün deyil, öz sağlamlıqları naminə tibbi maskadan istifadənin vacibliyini başa düşürlər. Onun sözlərinə görə, pandemiyanın ilk dövrlərindən fərqli olaraq, demək olar, karantin qaydalarına tam əməl olunur. Tibbi maskadan istifadə etməyən və ya düzgün istifadə etməyən, sosial məsafə gözləməyənlər aşkar edilərsə, polis əməkdaşları ilk olaraq onunla profilaktik söhbət aparır. Əgər polisin qanuni tələbinə riayət olunmasa, yalnız bundan sonra həmin şəxs bölməyə dəvət olunur.
Parkda azyaşlı uşaqlar hərbi qulluqçulara, polis əməkdaşlarına yaxınlaşıb hərbi salam verir və sevinclə uzaqlaşırdılar. Onların hərbi salamına qarşılıq verən asayiş keçikçilərinin, piyada naryadların dislokasiya olunduqları ərazilərdə, cinayət hadisələrinin qarşısını almaq, hər hansı qanunsuzluğa dərhal müdaxilə etmək üçün orda olduqlarının fərqində deyildilər. Qış günəşinin “isitdiyi”, sakit parkda öz qayğısız günlərindən birini keçirirdilər...
PPXB-nin polis nəfəri, polis serjantı Baxşəli Bəhram uşaqları göstərib deyir ki, o balacaları və ümumiyyətlə, hər bir vətəndaşı öz ailəsinin bir fərdi sayır. Azərbaycan xalqı adlı böyük bir ailənin təhlükəsizliyinin keşiyində durmaq polisin yalnız vəzifə borcu deyil, həm də ailə üzvünü qoruma duyğusu kimi ülvi hissdir.

Deyir ki, uzun müddət gecə növbəsində xidmət edib. Elə gecə növbəsindən söz düşmüşkən, həmkarları - polis serjantları Elgün İsmayılovun və Rəşad Məmmədovun bu günlərdə Şıxlinski küçəsidəki mənzillərin birində gecə saat 02:00 radələrində pəncərədən çıxan tüstünü görərək, dərhal FHN-ə məlumat verdiklərini, iki azyaşlı uşağın olduğu ailəni yanğın təhlükəsindən, daha dəqiq desək, ölümün pəncəsindən aldıqlarını da diqqətimizə çatdırdı.
Parkın kənarında yol patrul xidməti inspektorunun qayda pozan sürücü ilə diskusiyasını müşahidə edib, onlara yaxınlaşdıq. Sürücüyə şifahi xəbardarlıq edib yola salan YPX inspektoru, polis baş serjantı Rza Quluzadə bildirir ki, hərəkət iştirakçılarına təmkinlə cavab vermək, qayda pozuntusunu izah etmək həmişə yox, hərdən lazım gəlir. Onun sözlərinə görə, ən çox qayda pozuntusunu mobil telefonla danışmalar təşkil edir. Amma elə kobud qayda pozuntuları da var ki, azalıb. Məsələn, avtoxuliqanlıq edənlərə əvvəlki qədər rast gəlinmir.

Parkda istirahət edənlərin də polisin fəaliyyəti ilə bağlı fikirlərini öyrənmək üçün onlara yaxınlaşdıq. Özlərini təqdim edən ağsaqqallar - Allahverdi Allahverdiyev və Şərabəddin Hüseynova ünvanladığımız “polisdən razısızmı?”sualına cavab özünü çox gözlətmədi: “Sizin yadınızda olmaz, bir vaxt vardı ki, çölə-bayıra çıxa bilmirdik. Qız, gəlin, uşaq, elə özümüz də hava qaralan kimi evdə otururduq. İndi əmin-amanlıqdır, kim nə vaxt istəyir, hara istəyir gedir, gəlir. Biz öz evimizi, mülkümüzü, rahatlığımızı polisimizə etibar edirik”.
Gördüklərimizdən, həmkarlarımızdan, eləcə də vətəndaşlarla söhbətdən gəldiyim qənaət bu oldu ki, polisin ailəsi elə onun xalqıdır. Bunu polis də bilir, vətəndaşlar da.

Rəşad Mehdiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər