Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.01.2021

20 Yanvar - Azadlıq günü...

Qan tökülən yer unudulmur, yaddan çıxmır. Qanı tökülənləri də, qan tökənləri də tarix yaddaşına həkk eyləyir.
Düz 31 il bundan öncə o gecə, o soyuq yanvar günü bizim varlığımıza güllə atılmışdı. 31 il öncə soyuq ürəklər “vur” əmrini qorxutmaq üçün deyil, öldürmək üçün vermişdi. Əmr sahibləri nəyisə gözüyumulu, kor-koranə etmirdilər. Üzü "Gülüstan"dan, "Türkmənçay"dan bu yana cızılmış planların davamı idi yanvar qətliamı...
Xatırlamaq, yada salmaq əzablı olsa da, insana var olduğunu anladır.
Sovet əsgərinin sovet vətəndaşına güllə atması harda görünmüşdü? Bəli, biz görməmişdik, daha doğrusu göstərməmişdilər. Amma o güllələr 1937-ci ilin represiyalarında Əhməd Cavada, Hüseyn Cavidə, Mikayıl Müşfiqə atılmışdı. Bir əsrdə 5 dəfə yerindən, yurdundan deportasiya edilən soydaşlarımızın ürəyini yaralamışdı ürəyi yanvar ayından soyuq olanlar.
Sovet qoşunları tərəfindən Bakıda və Azərbaycanın digər rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Bu rəqəmlər XX əsrin böyük bir faciəsini soyuqqanlıqla özündə ifadə edir. Say, rəqəm unudula bilər, amma 1990-cı ilin 20 yanvarı ürəyində Azəbaycan boyda od gəzdirənlərin unutmadığı bir gündür. 20 yanvarda bizi Sibirə sürmədilər, Sibiri Bakıya, Azərbaycana əl üstündə, göz üstündə gətirdilər.
1990-cı ilin yanvarından bu günə kimi qərənfillər sükut içindədir. Lal güllərin dili bundan sonra heç vaxt açılmayacaq. İndi yolda-rizdə yerə düşən bir qərənfil görəndə öpüb ürəyimin, gözümün üstünə qoyuram-31ildən bəri ürəyimizdə gəzdirdiyimiz şəhidlərimiz üçün.
20 Yanvar Azadlıq günü, qərənfil isə azadlıq gülüdür. Azadlığı isə göz üstündə saxlayarlar.

T.Hafiz

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər