Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.01.2021

Vətən üçün can verməyə yenə hazırıq

Ordumuzun 44 gün davam edən döyüş yolu Qələbəmizlə başa çatdı. Artıq təqvimdə bizim xalq olaraq öz Zəfər günümüz var. Bu şanlı zəfər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, eləcə də igid oğullarımızın canı və qanı bahasına əldə olunub.
Torpaqlarımızı düşmən tapdağından azad edərkən hərbi qulluqçulardan yaralanan, kontuziya alan, sağlamlığını itirənlər də olub.

Daxili Qoşunların hərbi qospitalında müalicə olunan yaralı hərbi qulluqçularımızla görüşdük, onların döyüş yolu barədə ətraflı söhbətlər etdik. Müharibənin hər üzünü görmüş veteran kimi onların ön cəbhədə daxilən keçirdikləri hissləri, qəlblərindəki ağrı-acıları, bununla yanaşı, hər birinə döyüş zəfərinin bəxş etdiyi fəxarət ovqatını çox həssaslıqla anlayıram. Ürəkləri Vətən sevgisi ilə döyünən bu hərbi qulluqçularımız ağır döyüşlərdə qalib olmağımız üçün təqdirəlayiq fədakarlıq göstəriblər. Bədənlərini dəlib keçən güllələr və qəlpələr onların iradəsini, qətiyyətini büdrətməyib. Ölümdən və mənfur düşməndən qorxmadan, öz güclərini toparlayaraq, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd, Şuşa, Murovdağ və digər istiqamətlərdə döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetiriblər. Bu oğullar xalqımızın hünər yolunun, ata-babalarının qeyrət məktəbinin layiqli yetirmələridirlər. “Vətən torpağının düşmən tapdağındakı hər qarışı can verilərək və qan tökülərək geri alınır” kəlamının ruhlandırıcı cazibəsi müharibə gerçəkliyi ilə üz-üzə qaldıqları od-alovlu günlərdə onları tərk etməyib.
Döyüşlərdə şəhid olan yoldaşlarının cəsurluq nümunələri, çətin məqamlar zamanı özünü büruzə verən müsbət keyfiyyətləri qarşıdakı həyat boyu onların xatirələrində xüsusi yer tutacaq. Vətən müharibəsi haqqında şahidi olduqları və bizə danışdıqları hər bir epizod, olduqca maraqlı təfərrüatlar həqiqətən də zaman səddini aşaraq tarixləşən qan yaddaşımıza çevriləcək.

Yaralı hərbi qulluqçularımızın arasında zədələnmə dərəcəsi, səhhəti ağır olanlar var, buna baxmayaraq, heç biri bu halına görə ruhdan düşməyib, bədbinləşməyib. “Vətən üçün canımız da fəda olsun!” - deyirlər. Bəziləri bundan sonrakı həyatını əsa, protez, əlil arabası ilə yaşayacaqlar, ancaq xalqımızın şərəfini uca tutaraq, dövlətimizin hərbi qüdrətini göstərərək, şəhidlərimizin, soyqırım qurbanlarımızın qisasını alaraq, doğma torpaqlarımızı erməni silahlı qüvvələrinin işğalından xilas edərək qazi olmaları onlara mənəvi güc verir.
Belə oğulların Vətən və dövlət qarşısında gərəkli missiyası təkcə keçdikləri döyüş yolu ilə bitmir, onların timsalında cəmiyyətə çox dəyərli vətənpərvərlik örnəyi aşılanır. Keçmişdən bugünədək olduğu kimi, gələcəkdə də onların davamçıları yetişəcək, qürurverici döyüş ənənələri yeni nəsillərə ötürüləcək.
Ünsiyyətdə olduğumuz mayorlar Ələsgər Muxtarov, Elşən Məmmədov, kapitan Vüsal Həsənov, baş gizir Xəyal Məmmədov, gizir Rasim Yaxin, baş çavuşlar Orxan Əhmədov, Elnur Cəfərov, Əzim Qafarov, Əfqan Zaxmayev, çavuşlar Polad Mədəni, Zeynal Məmmədov, Fikrət Yaqubzadə, Əmrah Beydiyev, Qorxmaz Həsənov, Kamran Puçaxov, İlkin Abuyev, əsgər Kənan Sultanov və adlarını qeyd etmədiyimiz digər yaralı hərbi qulluqçularımızın ərazilərimizin bütövlüyü uğrunda, hərbi zəfərimiz naminə ağır sınaqlardan keçərək göstərdikləri dözüm, mərdlik, hərbi anda sədaqət, silahdaş məsləyinə bağlılıq, mübarizlik əhval-ruhiyyəsi hər cür hörmət və ehtirama layiqdir.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər