Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.01.2021

Etibarli mühafizə

Mühafizəyə dair müxtəlif xidmətlərin göstərilməsini təmin etmək DİN Baş Mühafizə İdarəsinin vəzifələrindəndir. Vətəndaşların müraciətləri əsasında obyekt və mənzillərin mühafizəsi də göstərilən xidmətlərə daxildir.
Qorunan obyektlərin etibarlı mühafizəsini həyata keçirən Abşeron Rayon Mühafizə İdarəsi də üzərinə düşən öhdəlik və tapşırıqları uğurla icra edir. Rayon Mühafizə İdarəsi post və marşrutların ərazilərində ictimai qaydanı qoruyur, cinayətkarlığın qarşısını qətiyyətlə alır. Bugünlərdə mühafizəyə cəlb olunan mənzillərin birindən oğurluq etmək istəyən şəxsin elə işüstü yaxalanması bunu deməyə əsas verir.

Mərkəzi Müşahidə Məntəqəsindən vətəndaş E.Məmmədova məxsus fərdi yaşayış evindən saat 01:23 radələrində həyəcan siqnalı daxil olub. Avtomarşrutda xidmət aparan RMİ-nin əməkdaşları, polis serjantları Cavid Bədəlov və Elfaq Eynullayev dərhal hadisə yerinə gəliblər. Əraziyə baxış keçirən zaman tutucu qrupun üzvləri evin arxa tərəfində yerləşən qarajın qıfılının sınıq olduğunu müəyyən ediblər. Aidiyyəti üzrə məruzə olunduqdan sonra evin sahibi məlumatlandırılıb. Asayiş keşikçiləri ev yiyəsinin iştirakı ilə mənzilə baxış keçirərkən hamam üçün nəzərdə tutulan yarıtikilidə gizlənmiş “səbəbkarı” yaxalayıb RPİ-yə təhvil veriblər.

Abşeron RMİ-nin rəisi, polis polkovniki Arif Məmmədov post və marşrutların ərazilərində ictimai təhlükəsizliyin təmin edilməsinin, fiziki, həmçinin hüquqi şəxslərin əmlaklarının mühafizəsi, habelə vətəndaşların qanuni mənafelərinin etibarlı qorunması işlərinin tələb olunan səviyyədə yerinə yetirildiyini bildirdi. O, ötən il ərzində 844 obyekt və 127 digər xidmət növü ilə, o cümlədən 601 vətəndaşın mənzili, eləcə də bağ evinin qorunduğunu qeyd etdi. Polis polkovniki A.Məmmədov hesabat dövründə idarə əməkdaşları tərəfindən 13 oğurluq hadisəsinin qarşısı alınaraq 7, ictimai qaydanı pozan 25, digər cinayətlə əlaqədar 1, axtarışda olan 4 nəfərin saxlanılaraq RPİ-yə təhvil verildiyini nəzərə çatdırdı. Əlavə etdi ki, ötən il əməkdaşlar tərəfindən 4 yanğın hadisəsinin də qarşısı alınıb.
İdarə rəisi görülən işlərin yalnız bir məqsədə-vətəndaş məmnunluğuna xidmət etdiyini diqqətə çatdırdı.

Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər