Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.01.2021

Onun qəhrəmanlığı dillərdə dastan olacaq

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə mayor Şixamir Qaflanova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Ş.Qaflanov bu yüksək ada layiq görülmüş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 4 nəfər hərbi qulluqçusundan biridir.
Ölkə başçısının, həmçinin, 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli sərəncamları ilə mayor Şixamir Qaflanov (ölümündən sonra) müvafiq olaraq “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mayor Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində doğulub. Oruc dayının və Mominət ananın böyüdüb boya-başa çatdırdığı və tərbiyə etdiyi 4 övladdan biri, ailənin sonbeşiyi idi Şixamir...
Orta təhsilini şəhid Abdurahman Qurbanov adına Üçüncü Tala kənd orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2005-2006-cı illərdə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində keçib. Şixamir tərxis olunduqdan bir müddət sonra – 2007-ci ilin aprelində yenidən sıralarımıza qayıdaraq, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb. 2008-ci ilin avqust ayınadək müxtəlif vəzifələrdə xidmət edib. Sonra Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub, 2010-cu ildə bu hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirərək “leytenant” hərbi rütbəsi alıb. Zabit kimi 2012-ci ilin oktyabr ayınadək müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət etməklə, yüksək çalışqanlığı, bilik və bacarığı sayəsində qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanıb. Mayor Ş.Qaflanov yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənərək “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif edilib.
Xidmət etdiyi dövrdə iki dəfə -2012-ci ilin oktyabr ayından dekabr ayınadək və 2019-cu ilin fevral ayından iyun ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda təhsilini davam etdirib.
Kursları müvəffəqiyyətlə bitirən Ş.Qaflanovun bilik və bacarığı nəzərə alınaraq, müxtəlif hərbi hissələrdə xüsusi təyinatlı dəstə komandirinin müavini və dəstə komandirinin müavini-qərargah rəisi, 2020-ci ilin fevral ayından etibarən isə xüsusi təyinatlı dəstənin komandiri vəzifəsində xidmət edib.
Vaxtilə Daxili Qoşunların sıralarında xidmət etmiş hazırda DİN-in Əlahiddə Çevik Polis Alayında xidmət edən polis mayoru, Qurban Qaflanov 2008-2010-cu illərdə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbini qardaşı Şixamirlə birgə bitirib. Eyni gündə “leytenant” hərbi rütbəsi alıblar.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın hərbi-siyasi təxribatlarının qarşısının alınması üçün keçirilən Vətən müharibəsinin ilk günlərindən mayor Ş.Qaflanov komandiri olduğu dəstənin hərbi qulluqçuları ilə birgə cəbhənin müxtəlif istiqamətlərində erməni hərbi birləşmələrinə qarşı döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir.
19 oktyabr 2020-ci il... Füzuli-Xocavənd istiqamətində baş vermiş qanlı döyüşdə Şixamir tabeliyində olan silahdaşları ilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, mühüm strateji mövqeləri ələ keçirir. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlarından itirdikləri mövqeləri snayperlərdən, iriçaplı silahlardan və minaatanlardan güclü atəşə tutur. Şiddətli döyüşün gedişində düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanan mayor Şixamir Qaflanov şəhidlik zirvəsinə yüksəlib...
Bu döyüşdə qəhrəman komandirlə birgə onun tabeliyində xidmət edən Daxili Qoşunların digər 3 hərbi qulluqçusu – baş çavuş Surxay Mehdiyev, baş çavuş Sahib Məmmədov və çavuş Sənan Ələsgərzadə də son damla qanlarınadək vuruşaraq şəhid olublar.

Mayor Ş.Qaflanov Zaqatala rayonunun Üçüncü Tala kəndinin qəbristanlığında dəfn olunub. Evli idi. Mədinə adlı bir qız övladı xalqımıza əmanətdir.
Qeyd edək ki, Şixamirin böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ müharibəsi qazisidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan Asif ikinci qrup müharibə əlilidir.
Hərbi hissənin xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, “Qarabağ” ordeni, “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş mayor Elşən Məmmədov vaxtilə birgə xidmət etdiyi dəstə komandiri haqqında ancaq xoş sözlər danışa biləcəyini deyir: “Mayor Ş.Qaflanov komandir kimi dəstəmizə bu ilin fevralında gəlmişdi. Gəldiyi gündən bütün şəxsi heyətin hörmətini qazanmışdı. Döyüş və fiziki, taktiki hazırlıq üzrə göstəricilərimiz daha da yaxşılaşdı. Komandir kimi çox ciddi və tələbkar idi.
Bir insan kimi də çox gözəl xasiyyəti vardı. Tabeliyində olan hərbi qulluqçular hər hansı bir problem ilə əlaqədar müraciət etdikdə mayor Ş.Qaflanov ona əlindən gələn köməyi əsirgəməzdi. Hər zaman şəxsi heyətin qayğısına qalardı”.
Və yazının sonunda deyilənlərə bir sözardı əlavə etmək istərdim. Qəhrəmanımızın hünəri, rəşadəti, yüksək insani keyfiyyətləri hələ bundan sonra da dillərdə dastan kimi yaşayacaq.


Geriyə Çap et


Faydalı keçidlər
Linklər