Logotype

1933-cü ildən çıxır

Xəbərlər

09.01.2021

Ehtiram və qayğı göstərilir

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq salnaməmizi yazan əsgər və zabitlərimiz Vətən müharibəsindən zəfərlə ayrıldılar. Onların sırasında şəhid olanlar, qazilər vardır. Vətən uğrunda özünü cəbhəyə atan bu igid hərbçilərimizin ailələri də 44 günlük hərbi əməliyyatlar dövründə övladları qədər mətinlik, iradə və fədakarlıq nümayş etdirdilər.
Polis əməkdaşları respublikamızın şəhər və rayonlarında şəhid və qazi ailələrinə baş çəkir, onlara dərin ehtiramlarını bildirir, qayğıları ilə maraqlanırlar.

Belə ki, bugünlərdə Ağdam Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunub. Görüşdə torpaqlarımızın azadlığı uğrunda döyüşüb şəhidlik zirvəsinə ucalan, qazi olan mərd oğullarımızla hər birimizin fəxr etdiyi diqqətə çatdırılıb. Qələbənin əldə edilməsi ilə şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi vurğulanıb, onların əziz xatirələrinin unudulmayacağına inam ifadə olunub.
Siyəzən Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi, eləcə də rayonun hüquq mühafizə orqanlarının məsul şəxsləri də Vətən müharibəsində böyük sücaət göstərərək canından keçən şəhid Elnur Qafarovun və Sadiq Məmmədovun ailələrini ziyarət ediblər.
Görüşdə hər iki ailənin problemləri dinlənilib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb, torpaqlarımızın azad olunmasına qəhrəman oğullarımızın igidliyi nəticəsində nail olunduğu vurğulanıb. Polis əməkdaşları hər iki şəhidin azyaşlı övladlarına Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə hədiyyələr veriblər.

Cəlilabad Rayon Polis Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsinin, eləcə də rayonun hüquq mühafizə orqanlarının rəhbərliyi Vətən müharibəsinin dörd şəhidinin – Bəcrəvan kəndində baş çavuş Fərid Hüseynovun, Badamağac kəndində baş çavuş Mirsəfa Mirəşrəfbəylinin, Privolnoye kəndində əsgər Elnur Bağırovun və Bəcrəvan kəndində əsgər Ayaz Abasovun ailələri ziyarət olunub. Şəhid hərbi qulluqçuların valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərərək ən uca zirvə olan Şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə rayon ərazisində yaşayan aztəminatlı ailələri ziyarət ediblər. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin dövlətin əsas hədəflərindən biri olduğunu diqqətə çatdıran həmkarlarımız bu istiqamətdə atılan addımlara diqqət çəkiblər. Rayonun asayiş keşikçiləri eləcə də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hərbçilərimizin ailələrinin qonağı olublar, onların qayğıları ilə maraqlanıb, sovqatlar təqdim ediblər.

Balakən, Şuşa, Qax, Samux, Xızı Rayon Polis şöbələrinin və Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları da Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Həmkarlarımız torpaqlarımızın azad olunmasında qəhrəman oğullarımızın sərgilədiyi igidlik və şücaətlərdən danışıblar.
Görüşlərdə şəhid ailələrinə və döyüşlərdə sağlamlıqlarını itirmiş hərbçilərin ailələrinə bayram sovqatları təqdim olunub. Onların dövlətin himayəsində olduqları və bundan sonra da qayğılarının diqqət mərkəzində saxlanılacağı vurğulanıb. Görüşlərdə Azərbaycan polislərinin hər bir vətəndaşın yanında olmaqdan, onlara xidmət etməkdən iftixar hissi keçirdikləri xüsusi vurğulanıb.
Şəhid və qazilərin ailə üzvləri göstərilən maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər