Logotype

1933-cü ildən çıxır

Xəbərlər

01.01.2021

Aydın sabahımız başlayır

Daxili işlər orqanları sabitliyin və əmin-amanlığın keşiyindədir 2020-ci ili hələ uzun illər dünya üçün kədərli keçmiş kimi xatırladacaq pandemiya kimi qlobal səbəb var. Yola saldığımız bütün ili özlərini karantin tədbirlərinə həsr edən ölkələrin ictimai-siyasi həyatında baş verən hadisələr məhz pandemiya fonunda, demək olar ki, diqqət çəkmədi.
Ötən ilin əvvəlində Çindən dünyaya yayılmağa başlayan “COVID-19” adlı virusun hələ nə qədər davam edəcəyi barədə dəqiq proqnoz vermək mümkün olmasa da, yeni ildə peyvəndlənmənin aparılması ilə epidemoloji zəncirin qırılacağı haqda nikbin təxminlər irəli sürülür. Dünya yeni ilə ümidverici başlayır...
Ölkəmizə gəlincə, biz də dünyanın digər dövlətləri kimi ötən ili pandemiya ilə qlobal mübarizəyə qoşulmaqla başladıq. Bu məqsədlə beynəlxalq həmrəylik göstəricisi olaraq dövlətimiz tərəfindən müxtəlif dövlətlərə, fondlara ianələr verildi, maliyyə yardımları göstərildi. Eləcə də ölkə daxilində virusun nəzarətə alınması üçün ilk günlərdən başlayaraq zəruri tədbirlər həyata keçirildi ki, bununla da başqa ölkələrdə müşahidə olunan kütləvi ölüm hallarının ölkəmizdə yaşanmasına imkan verilmədi. Bu tədbirlər ilk dalğanın zəifləməsinə, yoluxma sayının minimuma enməsinə qədər aparıb çıxardı.

Virusun nəzarətə alınmasından söz düşmüşkən, bu istiqamətdə vəzifələrini yüksək peşəkarlıqla həyata keçirən daxili işlər orqanlarının əməkdaşlarının fədakarlığı xüsusi qeyd olunmalıdır. Karantin elan olunan şəhər və rayonlarda tətbiq olunan giriş-çıxışlara məhdudiyyət, icazələrin yoxlanılması, koronavirusa yoluxmuş xəstələrin evə qaytarılması, xüsusi postların yaradılması kimi müxtəlif tədbirlər həyata keçirən polis və Daxili Qoşunların hərbi qulluqçuları pandemiyaya qarşı mübarizənin avanqardına çevrildilər.
“COVID-19” virusunun yayılmasının qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin struktur bölmələri dövlətin digər qurumları ilə birgə bu gün də qabaqlayıcı tədbirlər həyata keçirir. Hazırda virusun ikinci dalğasının cilovlanması üçün davam etdirilən nəzarət-profilaktik tədbirlər nəticəsində gündəlik yoluxma sayında müşahidə olunan sürətli azalma, deməyə əsas verir ki, ilin elə ilk aylarında virus üzərində nəzərəçarpan üstünlük əldə edilə bilər. Əlbəttə, tam qələbə üçün insanların karantin qaydalarına birmənalı olaraq ciddi əməl etmələri də vacibdir.
Ötən il, eyni zamanda cinayətkarlığa qarşı mübarizənin və ictimai asayişin qorunmasının yüksək səviyyədə təmin edilməsi baxımından da yadda qalacaq. Sabitliyi möhkəm təməllər üzərində qurulan müasir Azərbaycanın uzun illərdir sahib olduğu etibarlı təhlükəsizlik mühiti, əmin-amanlıq ən böyük nailiyyətlərimizdən biri kimi əvəzsizdir. 2020-ci il bu nailiyyətin qorunub-saxlanılması və gücləndirilməsi istiqamətində daha bir sınaq oldu. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da bayram öncəsi daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə ünvanladığı təbrikdə yola saldığımız ildə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə diqqət çəkərək, bildirmişdir ki, digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılıb, asayişin və daxili təhlükəsizliyin qorunması funksiyaları layiqincə həyata keçirilib.

İlin son ayları xalqımız üçün tarixi hadisəyə - Qarabağın işğaldan azad olunması kimi qürurlu bir keçmişə çevrildi. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına əks-hücumla cavab verən Şanlı Ordumuzun sarsıdıcı zərbələri nəticəsində 44 gündən sonra düşmən ağır məğlubiyyətə düçar oldu və torpaqlarımız işğaldan azad edildi. Məhz bu ağır günlərdə, müharibə ərəfəsində ön cəbhə qədər əhəmiyyətli olan arxa cəbhədə polis asayişin, ictimai təhlükəsizliyin keşiyini çəkdi, daxili sabitliyin düşmənin terror aktları ilə pozulmasına qarşı qabaqlayıcı tədbirlər gördü. Komendant saatı tətbiq edilən şəhər və rayonlarda postların qurulması ilə təhlükəsizlik tam təmin edildi. Polislə birlikdə daxili sabitliyin qorunmasında iştirak edən Daxili Qoşunların hərbi qulluqçuları, eyni zamanda səngərdə düşmənə qarşı rəşadətlə vuruşub, qəhrəmanlıq salnaməsinə igidlik, mərdlik nümunələri yazdılar.
Hazırda ilk günlərini yaşadığımız yeni il, həm də dövlətimiz və xalqımız üçün təzə bir başlanğıc ilidir. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın üfüqlərindəki günəşin şəfəqləri artıq daha parlaq görünür. Bu, bizi gözləyən aydın sabahların təzahürüdür. Daxili işlər orqanları isə hər zaman olduğu kimi, xoşbəxt günlərin, əmin-amanlığın qarantıdır.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər