Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.12.2020

Məsuliyyətsizlik bizi təhdid edir

Ölkəmizdə koronavirus infeksiyasına yeni yoluxanların və müalicə olunub sağalanların sayı ilə bağlı hər gün açıqlanan rəqəmlər pandemiya ilə yalnız birgə mübarizənin müsbət nəticələr verə biləcəyini göstərir. Yoluxmaların çox olmasına baxmayaraq, sağalanların sayının gündən-günə artması pandemiyanın ikinci dalğasının tezliklə ötüb-keçəcəyi proqnozunu verməyimizə əsas yaradır. Hələ pandemiyanın ölkəmizə yenicə "ayaq açdığı” günlərdən bəri “Biz birlikdə güclüyük” şüarının elan edilməsilə ilkin və doğru konsepsiya müəyyən edilib. Deyə bilərik ki, uğurlu sonluq bu şüarın da ifadə etdiyi kimi, həmrəyliyimizə bağlıdır.

Prinsip etibarı ilə koronavirusla aktiv mübarizə meydanında üç tərəf - tibb işçiləri, polis və nəhayət, vətəndaşların özləri virusla qarşı-qarşıya dayanıb.
Tibb işçiləri hər bir xəstənin ağ xalatlı xilaskarları kimi fədakarlıq göstərir, yoluxan insanları həyatda saxlamaq üçün var gücləri ilə mübarizə aparırlar. Onlar virusla mübarizənin ön cəbhəsində həyatlarını riskə atma bahasına başqalarını xilas edirlər. İndiyədək neçə-neçə həkim bu amal uğrunda həyatını itirib.

Sərt karantin rejiminin başlanması ilə polis də ona həvalə olunan vəzifələrin həyata keçirilməsini ən yüksəsk səviyyədə təmin edir. SMS icazələrin yoxlanılması, profilaktik-nəzarət tədbirlərinin görülməsi, yaşayış yerini tərk edən aktiv virus daşıyıcılarının aşkar edilməsi və karantin rejminin tələblərini pozulması hallarına qarşı hüquqi cəza tədbirlərinin tətbiqi xidmətin miqyasını genişləndirsə də, istər əsas vəzifə öhdəlikləri, istərsə də pandemiya ilə əlaqədar həvalə olunmuş əlavə işlər əməkdaşlarımız tərəfindən uğurla davam etdirilir.
İnsanların hüquq və azadlıqlarının müdafiəsi kimi sağlamlıqlarının qorunması da polisin daim əsas vəzifələrindən biri olub, lakin hazırkı pandemiyada bu, daha dərin məzmun qazanıb. Vətəndaşların sağlamlığını qorumaq artıq hər hansı hüquq pozuntusu və ya cinayət hadisəsindən zərər çəkməmək təminatı kimi başa düşülmür. Polis hazırda sağlamlığımızı qoruyan həkimlərimiz kimi pandemiya ilə mübarizədə birbaşa iştirak edir, onlarla “ön cəbhəni” bölüşürlər.
Təbii ki, bu, vəzifə borcudur. Ancaq polis xidmətinə həm də vətəndaş yanğısı ilə yanaşır və insanları qorumağa, birgə mübarizə üçün imkanları səfərbər etməyə çalışır. İndi mübarizənin müqəddəratı üçüncü tərəfdən – vətəndaşdan daha çox asılıdır.

Əgər hər birimiz özümüzü qorumasaq, qayda-qanunlara əməl etməsək, tibb işçilərinin və polisin bütün əməyi hədər gedə, epidemoloji vəziyyətin kritik həddi belə keçməsinə səbəb olar. Təəssüf ki, bu təhülkəyə baxmayaraq, tətbiq edilən qaydalar və karantin rejiminin qadağaları bəzən unudulur, hazırkı gərgin epidomoloji vaxtda toy edənlərə, məclis təşkil edənlərə rast gəlinir. Bu sadəcə sıradan biganəlik sayıla bilməz, başqalarının ölümünə səbəb olan cinayətkarcasına məsuliyyətsizlikdir və buna görə də cinayət məcəlləsində müvafiq qaydada cəza təhdidi yaradan hal kimi təsbit olunur. Bu mənada, xəstə olduğunu bilənlərin evdən çıxması, ətrafdakıları yoluxdurması, gizlin toy-şənlik keçirib kütləvi yoluxma riski yaradanların davranışı başadüşülən deyil.

Belə neqativ halların qarşısının alınması üçün polisin keçirdiyi operativ və qabaqlayıcı tədbirlər nəticəsində hər gün məsuliyyətə cəlb edilənlər olur. Bu, başqaları üçün çəkindirici faktordur, əlbəttə, ancaq ümumi bəlanın öhdəsindən gəlməyin ən optimal yolu vətəndaşların könüllü iştirakından keçir. Bir nəfərin məsuliyyətsizliyi, laqeyidliyi bir neçə nəfərin sağlamlığını, həyatını təhdid edir. Bunu görməzlikdən gəlməyə heç kəsin haqqı yoxdur.
R.Mehtiyev

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər