Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.12.2020

Ön cəbhənin alınmaz səngəri: arxa cəbhə

Torpaqlarımızı işğaldan azad etmək üçün apardığımız Vətən savaşı hərb tarixinə ən çevik və mobil müharibə kimi düşdü. Bu gün də modern və güclü orduya malik dövlətlərin hərbi analitikləri Qarabağ döyüşlərində tətbiq etdiyimiz döyüş taktikasını elmi əsaslarla öyrənməyə çalışırlar. Əksəriyyəti müasir hərbi texnikalarımızın, hazırlıqlı və peşəkar hərbçilərimizin sayəsində buna nail olduğumuzu vurğulayırlar.

Qalibiyyətimizin səbəbi hərbi gücümüz, qüdrətli ordumuzdur, yəni analitiklərin gəldiyi qənaət doğrudur. Ancaq onlar bir nüansı-millətin döyüşkənlik ruhunu nəzərdən qaçırırlar.
Yerevan.today saytına açıqlama verən düşmən əsgərindən sitat: “...Onlar üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, sonra yenə qalxıb üstümüzə şığıyırdılar...Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləriylə parçalayırdılar. Xankəndinə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı...”.
Xocalı faciəsinin şahidi olan və ya onu televiziya ekranlarından izləyən oğullar düşməni dişləriylə belə didməyə and içmişdilər. Onlar bu andlarına da Vətən müharibəsində sadiq qaldılar. Düşmən bizə yaşatdıqlarını unutduğumuzu zənn edirdi, ancaq döyüşlər göstərdi ki, biz unutmamışıq, əksinə, illərdir ki, qisas hissi ilə alışıb-yanmışıq.
Biz həm də ona görə qələbə qazandıq ki, döyüşən əsgərin, zabitin gözü arxada qalmadı. Ata-anasından, ailəsindən, balasından nigaran deyildi. Çünki onların arxasında sosial və iqtisadi baxımdan regionun ən güclü dövləti dayanırdı. Dövlətin bütün strukturları ön cəbhə üçün səfərbər olsalar da arxa cəbhə daha etibarlı qorunurdu və baş verə biləcək neqativlərin qarşısının alınması üçün görüləcək tədbirlər an məsələsi idi.
Qazanılan etimad və etibar həm də məsuliyyət yaradır
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edildi.
Daxili İşlər Nazirliyinə mühüm səlahiyyətlərin verilməsi həm də onun üzərinə böyük məsuliyyət qoyurdu. Çeviklik, qərarvermə bacarığı və baş verənlərə vaxt itirmədən dəqiq reaksiya, eləcə də ön cəbhə ilə arxa cəbhə arasındakı əlaqənin mobil şəkildə qurulması götürülən öhdəliyin peşəkarcasına yerinə yetirilməsinin bariz nümunəsi idi.
Vaxtilə igid oğullarımızla birlikdə eyni səngərdə döyüşən Azərbaycan Polisi Vətən savaşında da onları tək qoymadı. Bütün varlığı ilə Qələbəyə töhfəsini verməyə çalışdı. Cinayətkarlıqla qətiyyətli mübarizə bir an belə səngimədi, strateji və digər dövlət obyektlərinin qorunması peşəkarlıqla yerinə yetirildi. Vətəndaş-polis münasibətlərinin həmrəylik ab-havasına köklənməsi sosial şəbəkələrin manşetinə çevrildi.
Vətən savaşına qatılan oğulların sırasında polis övladları da vardı. Onlar atalarının yarım qalmış işini davam etdirmək, işğaldan azad olunmuş torpaqlara bayraq sancmaq üçün ölümlərdən sıyrılıb düşmənə qan uddurdular.
Dəmir nizam-intizama riayət olunması, hər iki cəbhədə fədakarlıq və dövlətçilik mövqeyi cəmiyyətin Azərbaycan Polisinə olan rəğbətini daha da artırdı. Daxili işlər orqanlarının əməkdaşları Azərbaycan ordusunun yenilməz əsgər və zabitləri kimi, hər iki cəbhənin qəhrəmanı olaraq xalqımızın könlündə taxt qurdular.
Ordumuz Vətən müharibəsinin ilk günlərində düşmənin hədəfinə çevrilən Tərtər və Xocalı Rayon Polis Şöbələrinin, eləcə də cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizin, ballistik, fosforlu raketlərlə atəşə tutulan Gəncənin, Bərdənin, Tərtərin, Ağcabədinin, bombardmanlar nəticəsində şəhid olanların heyfini düşməndən aldı. Döyüşlərdə Ermənistan ordusunun yüzlərlə texnikası yararsız hala gətirildi, onlarla tank, top və digər silahlar hərbi qənimət kimi götürüldü. Zəfər paradında biz onları gördük və qürur hissi keçirdik.
DİN Daxili Qoşunlarının hərbi qulluqçuları tarix yazdı
Qoşunlar özünün ən müqəddəs missiyasını-Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda sentyabrın 27-də başlayan Vətən müharibəsində də layiqincə yerinə yetirdi. Müharibənin ən qaynar nöqtələrində üzərinə düşən görəvi yerinə yetirmək, işğal altındakı torpaqlarımızı azad etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilkdə nəzərdə tutulmuş digər silahlı birləşmələrlə Daxili Qoşunların şəxsi heyəti Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşümüzdə, müqəddəs haqq savaşımızda döyüş salnaməmizə adlarını qızıl hərflərlə yazdırdılar.
Vətən savaşında ölümün gözünə dik baxaraq canlarını fəda edən igid oğullarımızın, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 65 hərbi qulluqçusunun xatirəsi unudulmayacaq, daim əziz tutulacaqdır.
Yeri gəlmişkən, dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə döyüş tapşırığını uğurla yerinə yetirərək Vətən savaşında igidlik və şücaət göstərən, şəhidlik zirvəsinə ucalan hərbi qulluqçular orden və medallarla təltif olundular. DİN Daxili Qoşunlarının xidməti vəzifəsini icra edən bir neçə əməkdaşı, o cümlədən şəhid olmuş 65 hərbi qulluqçusu da təltif olunanlar sırasındadır.
Güclü və böyük Azərbaycana xidmətdən qürur duyuruq

Ulu öndər Azərbaycan Polisinin yaranmasının 84-cü ildönümündə deyirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Biz daxili ictimai-siyasi sabitliyi təmin etmişik və siz üzərinizə düşən vəzifələri bundan sonra da yerinə yetirməlisiniz. Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc ilə də və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik”...

Müstəqilliyimizin əbədi və dönməz etmək üçün asayişin keşiyində ayıq-sayıq dayanan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan Azərbaycan Polisinə inamını müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə belə ifadə edir: “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”.
Bu gün soyuğa, qara, yağışa baxmayaraq, işğaldan azad olunmuş torpaqlarda Azərbaycan Əsgəri ilə birlikdə Azərbaycan Polisi də keşik çəkir. “Bayraq sancmağa bir binanın belə qalmadığı, düşmənin xarabalığa çevirdiyi rayonlarda polis xidmətini necə qurur”,-deyə sosial şəbəkələrdən bizə sual ünvanlayan vətəndaşlarımıza, igid oğullarımızı düşünənlərə təkcə bunları demək keçir könlümüzdən: Hər birimizin istəyi, nə yolla olursa-olsun, o torpaqların alınması idi. Biz dəmir yumruğumuzun gücünə torpaqlarımızı işğaldan azad edib, düşmənə ömür boyu unuda bilməyəcəyi məğlubiyyət acısı yaşatdıq. İşğaldan azad olunan torpaqlarda xidmətə gəlincə, demək isdəyirik ki, bu gün əsgərimizin də, polisimizin də təminatı çox yüksək səviyyədədir. Azərbaycan Polisi, Azərbaycan Əsgəri azad olunmuş torpaqlarda xidmətini təşkil edir, üzərinə düşən görəvi layiqincə yerinə yetirir.
H.Təmirov

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər