Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.12.2020

Ölümün ağ rəngi

Narkomaniya ilə mübarizə birgə fəaliyyət tələb edir
Aparılan araşdırmalar və qeydə alınan statistika deməyə imkan verir ki, cinayətlərin 80 faizindən çoxu narkomanlar tərəfindən törədilir. Narkotik vasitəni əldə etmək üçün onlar hər yola əl atırlar – hədə-qorxu yolu ilə pul tələb etmə, etibardan sui-istifadə, bir sözlə, cinayət anlamında ağıla gələn nə varsa narkomaniyaya düçar olanlar onu sınaqdan keçirirlər. Bu hallar get-gedə vərdiş halına çevrilir, pis vərdişlər isə cəmiyyətin sütunları sayılan əxlaq normalarını, insani münasibətləri laxladır və beləliklə qarşısı alınmaz faciəyə yol açılır.

Paytaxtda və yerlərdə aparılan mübarizə və maarifləndirmə tədbirləri bu bəlanın qarşısını almağa yönəlib. Etiraf edək ki, cəmiyyətin dəstəyi olmadan heç bir mübarizə üsulu uğurla nəticələnməz. Təcrübə göstərir ki, mübarizə birgə fəaliyyət tələb edir.
Pandemiyanın hökm sürdüyü bu günlərdə də polis əməkdaşları narkotiklərlə mübarizə tədbirləri zamanı bu zərərli vərdişə aludə olanlarla, narkotacirlərlə maarifləndirici söhbətlər aparır, narkotikdən istifadənin ağır fəsadlara yol açacağı barədə onları məlumatlandırır, gələcəyimiz olan gəncləri bu bəlaya salmamağı tövsiyə edirlər. Nə qədər çətin olsa da bəla ilə mübarizə səngimir, əksinə, daha uğurla aparılır.

Belə ki, bu ilin 9 ayı ərzində DİO əməkdaşları tərəfindən narkotiklərlə bağlı 4052 cinayət faktı qeydə alınıb. Qanunsuz dövriyyədən 1 ton 705 kiloqrama yaxın narkotik vasitə, 118,4 kiloqram psixotrop, 1,705 kiloqram güclü təsir edən və 2,2 kiloqram zəhərli maddə, 9 ton 26,4 kiloqram çətənə və 1,7 kiloqram xaş-xaş bitkiləri çıxarılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin müvafiq dövri ilə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı ümumilikdə 631,1 kiloqram təşkil edib. Onlardan 471,3 kiloqram güclü təsiredici, 107,3 kiloqramı isə psixotrop maddələr olub.
Eyni zamanda daxili işlər orqanları tərəfindən 180,7 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, 81 cinayətkar qrup zərərsizləşdirilib.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər