Logotype

1933-cü ildən çıxır

Xəbərlər

13.12.2020

İctimai rəy məsuliyyət doğurur

Polisin fədakar xidməti vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir
Hər gün redaksiyamıza onlarla təşəkkür məktubu ünvanlanır. Vətəndaşlarımız və ya ölkəmizə təşrif buyuran əcnəbilər Azərbaycan Polisinin fədakar xidmətini görür, təqdir edir və hisslərini bu məktublarda ifadə edirlər.

Türkiyə vətəndaşı Emrah Gürocak yazır ki, on ilə yaxındır ki, Azərbaycanda yaşayır və bu müddət ərzində azərbaycanlılardan isti münasibət, mehribançılıq, dürüstlük görüb.
O, məktubunda bu günlərdə başına gələn hadisə haqqında bunları qeyd edir: “Sahibi olduğum restoranda oğurluq baş verdi. 102 Xidməti-Zəng Mərkəzinə müraciət etdim. Heç beş dəqiqə keçməmiş polislər hadisə yerinə gəldilər. Onların peşəkar fəaliyyəti sayəsində qısa bir zaman ərzində oğurluq faktının üstü açıldı və mənə dəyən ziyan ödənildi. Mən DİN rəhbərliyinə və Azərbaycan Polisinə sonsuz minnətdarlığımı bildirirəm”...
Erkan Gürocak torpaqlarımızın işğaldan azad edilməsinin sevincini də bizimlə bölüşür, Azərbaycanın bundan sonra da daha böyük qələbələrə və uğurlara imza atacağına əminliyini ifadə edir.
Ağsu rayon Bənəcik kənd sakini Alı Əliyev Vətən uğrunda gedən döyüşlərdə Zəfər qazanmağımız münasibəsitilə yaşadığı sevinci, qürur hissini daxili işlər orqanlarının əməkdaşları ilə bölüşür. Hər zaman olduğu kimi Vətən savaşında da Azərbaycan Polisinin daim vətəndaşların yanında olduğunu qeyd edən müəllif şəhidlərin dəfn mərasimlərində polis əməkdaşlarının xüsusi iştirakını da təqdir edir, gecəli-gündüzlü xidmət aparan, təhlükəsizliyimizi təmin edən polislərimizi rahat yaşamağımızın təminatçısı adlandırır.

“Baş verə biləcək hər hansı bir hadisədən heç kim sığortalanmayıb, bəzən insan haqsızlığa uğrayır. Hüquqlarımızın qorunmasında operativ və obyektiv fəaliyyət göstərən polislərimizin xidməti təqdirəlayiqdir.Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirirəm. Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşlarının peşəkarlığı sayəsində problemimin həllini tapması məndə bir vətəndaş kimi məmnunluq yaratdı”. Bu sözlər Əmircan qəsəbə sakini Fərmayıl Həsənovun təşəkkür məktubundandır.
Mingəçevir şəhər sakini Təhməz Əliyevin təşəkkür məktubunda Azərbaycan Polisinin peşəkar fəaliyyətindən qürurla, inamla bəhs etməsi də vətəndaş məmnunluğunun bariz nümunəsidir.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər