Logotype

1933-cü ildən çıxır

Xəbərlər

08.11.2020

Şəhid ailələri ilə görüş keçirildi

Şuşa şəhərinin işğaldan azad olunması və Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə Xaçmaz Rayon Polis Şöbəsində şəhid ailələri ilə görüş keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
1988-ci il hadisələrindən sonra Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qəhrəmancasına azad olunmasından fəxrlə danışan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızın sayəsində qələbəyə imza atdığımızı bildirib.

Qeyd olunub ki, cəmi 44 gün ərzində düşmənin keçilməz saydığı sədləri yararaq Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, kənd və qəsəbələrin, o cümlədən strateji yüksəkliklərin və noyabr ayının 8-də Azərbaycanın musiqi beşiyi, Qarabağın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi bizim bir xalq olaraq birliyimizin bariz nümunəsi idi. Müharibəni dayandırmaq üçün dövlət başçımıza edilən təzyiqlər bitib-tükənməsə də xalqımızın gücünə, birliyinə arxalanan möhtərəm Prezidentimiz güclü iradə nümayiş etdirdi. Əsl tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda diplomatiyamız da siyasət meydanının ön cəbhəsində oldu. Biz hər iki cəbhədə qalib gəldik və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Vətən uğrunda şəhid olan igid oğullarımızın ailələrinə başsağlığı verən H.Həsənov şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. O, bildirib ki, onların əziz xatirəsi hələ bundan sonra yüz illər boyu yaşayacaq. Politoloq Ağacan Məmmədov bu tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda tezliklə abadlıq və quruculuq işlərinə başlanacağını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarını diqqətə çatdırıb.
Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə, eləcə də Xaçmaz Rayon Polis Şöbəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.
*****
Şuşa şəhərinin işğaldan azad olunması və böyük qələbəmiz münasibəti ilə Xaçmaz şəhərində avtoyürüş keçirilib. Yürüş zaman Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilmiş, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində bütün lazımi tədbirlər görülmüşdür.

Nizam Həmidov,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər