Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.11.2020

Şahbuzdan baxanda Laçın görünür

Yurd yeri demiş, xatirimdədir ki, kəndimizdən 2-3 kilometr məsafədə təbiətin əsrarəngiz gözəlliyinə bələnmiş açıq bir sahə var idi. “Cəlilin yurdu” deyirdilər təbiətin bu bənzərsiz əl işinə. Həmişə məni bir sual düşündürürdü: bu dilbər güşənin adı niyə məhz “Cəlilin yurdu”dur?
Zaman keçdikcə anladım bunun səbəbini. Kəndimizdə bugünün özündə də yaxşı xatırladığım Cəlil adlı zəhmətkeş bir kişi var idi. Yaşasaydı, yaşı bəlkə də 100-ü çoxdan keçmişdi. Allah rəhmət eləsin! Cəlil kişi hər ilin yaz-yay aylarında o güllü-çiçəkli təbiət güşəsində çadır qurar, mal-qara saxlayar, Allahın verdiyi ömür payını yaşayardı. Kəndə bir də o vaxt qayıdardı ki, üzbəüzdəki “Şəvəkar” deyilən ərazi ağ örpəyə bürünərdi. Hamı da buranı Cəlil kişinin yurdu kimi tanıyardı.

Maraqlıdır, deməli, insan bir yerdə od qaladımı, bir yerə kül tökdümü, ora onun yurdu, məskəni olur. İndinin özündə də mənimlə eyni yaşda, bir az aşağı, bir az yuxarı olan həmkəndlilərimlə söhbət zamanı “Cəlilin yurdu” tərəfdə”, “Cəlilin yurdu”nun aşağısında” deməklə yurdlarımızı unudulmağa, yaddan çıxmağa qoymuruq.
Laçının işğalından ötən 28 il ərzində heç unutmadım bu müqəddəs yurd yerini. Ömrünün gözəl anlarını yaşadığın, qız sevdiyin, könül verib-könül aldığın doğma yurdu necə unuda bilərsən? İllah da, adı Vətənlə qoşa çəkilən Ananı, arxa-dayaq bildiyin Atanı məhz orada son mənzilə yola salıb torpağa tapşırasan.

Ürəyimdə 28 illik bir həsrət var. 28 ildir o həsrət mənimlə bir yatıb, bir oyanır, işə gedib-gəlir, yol yoldaşım olur, baş-başa verib yaşayır... Çətindir, çətindən də çətin.
“Mübariz keşikdə”nin müxbiri olarkən anamız Azərbaycanı, ələlxüsus da onun ayrılmaz hissəsi olan Naxçıvanı qarış-qarış, oymaq-oymaq gəzib dolaşmışam. Məni ən çox özünə çəkən yaradanın özünəməxsus ecazkar bir məhəbbətlə xəlq etdiyi hüsnü gözəl Şahbuz olardı. Doymazdım Şahbuza getməkdən.
Bilirsiniz niyə? Çünki... Şahbuzdan baxanda Laçın görünürdü. “Mübariz keşikdə” qəzeti yazılarımın birini elə bu başlıqla da dərc etmişdi: “Şahbuzdan baxanda Laçın görünür”. Eh, o qədər Şahbuzdan Laçın dağlarına baxıb köks ötürmüşəm ki...
İndi İlahinin qüdrətinə şükür! Laçın lap yaxından – Qubadlıdan, Səfiyandan görünür. “Mübariz keşikdə” qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirovun təbirincə desək, laçın oğullar indi Laçında döyüşürlər.

Laçın Ermənistanı Dağlıq Qarabağla bağlayan qurşaqdır. Laçının müzəffər ordumuzun nəzarətinə keçməsi ilə Dağlıq Qarabağın nəfəsliyi bağlanmış olur. Bu gün Laçın və Şuşa döyüş meydanlarında kürək-kürəyə söykənmiş səngərlər kimidir. Birinin varlığı digərinin olmasıdır. Laçının işğaldan azad edilməsi həm də Şuşanın etibarlı müdafiə olunması deməkdir. Bu gün hər iki yurd yerimizdən qələbə soraqları gəlməkdədir. İnşallah Laçın və Şuşanın şanlı ordumuzun nəzarətinə keçməsi ilə erməni silahlı birləşmələri tam mühasirəyə düşəcək ki, bu da Qarabağdakı qondarma rejimin süqutu demək olacaq. Bunu rus nəşrləri, rusiyalı politoloqlar da deyirlər. Paşinyanın “Ermənistanı” rəzil durumdadır.

Laçın isə... Laçın bu gün onu darda qoymayacaq rəşadətli əsgərinə qucaq açıb. O əsgərinə ki, tələskənlik nümayiş etdirmir, təmkinlə, soyuqqanlılıqla hədəfə doğru irəliləyir.
Deyəsən, Laçın lap yaxından görünür axı...


Rahib Qarayev,
Şəxsi Heyətlə İş İdarəsinin rəisi,
polis polkovniki

Geriyə Çap et


Faydalı keçidlər
Linklər