Logotype

1933-cü ildən çıxır

Xəbərlər

28.10.2020

Dünya ilə hansı dildə danışaq?

Biz Ermənistanla diplomatik masa arxasında danışdıq və dünyanın gözü qarşısında onu məğlub etdik. İndi də döyüş meydanında düşməni məğlub edirik. Ancaq, sən demə, dünya bizim öz torpaqlarımızı işğaldan azad etməyimizi istəmirmiş. Bu səbəbdən də səsimizi eşitmir, nə deyiriksə, susqunluqla qarşılayır, ancaq erməniyə həm dil, həm də silah verir. O silahlar da Gəncədə, Goranboyda, Ağdamda, Tərtərdə və Bərdədə evləri dağıdır, körpələri, uşaqları öldürür. Belə olan təqdirdə dünyada sülh, demokratiya olsun deyənlərlə Ermənistanın nə fərqi oldu ki?
Azərbaycan dünyadan daha çox tolerantdı. Çünki ölkəmizdə dilinə, dininə, milli kimliyinə görə kimsə təqib olunmur, suçlanmır və öldürülmür. Biz haqlıyıq, çünki öz torpağımızda döyüşürük. Haqqımızı görməzlikdən gələnlər isə ölkələri bölmək üçün okeanlar keçib, sərhədlər aşırlar.

Bu otuz ildə BMT qətnamələri saya salınmadı, düşməni kifayət qədər müdafiə etdilər. Paradoksa baxın: İndi biz özümüzü müdafiə edirik, dünya üzərimizə yeriyir. XXI əsrin dünyası, məncə, belə olmalı deyildi. Yəni mənzərə çox haqsızdır.
"Dünya bizim" deyən dövlətlərin guya öz aləmlərində çoxbilmiş jurnalistləri möhtərəm Prezidentimizə “iynəli” suallar verirlər. Və verilən cavablar qarşısında anındaca mat olurlar, çünki həqiqət var ortada, çünki biz haqq uğrunda vuruşuruq.
Görəsən, biz bundan sonra dünya ilə hansı dildə danışmalıyıq ki, o bizi anlasın və ya Birinci vitse-prezidentimizin təbirincə desək, Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər