Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.10.2020

Çəkirdi ki, izi qala...

“Diqqət, çəkirəm”. Bu sözləri sevincli anlarımızı tarixin yaddaşına köçürmək üçün foto çəkdirdiyimiz zaman tez-tez eşidirik. Hərdən darıxanda, köhnələri yada salanda fotoalbomumuzu vərəqləyib o xatirələri təzələyir, yenidən yaşayırıq. Bəzən də şəkillər həyanımız olur. Zaman ötür, yaşlanırıq. Dəyişməyən isə zamanı özündə donduran, keçmişimizi, sevincimizi, təbəssümümüzü əks etdirən şəkillərdir...

Fotoşəkildə arzu olunan əhval-ruhiyyəni yaratmaq, duyğuları oyatmaq fotoqrafda xüsusi istedad tələb edir. Və sözün əsl mənasında işinin peşəkarı idi Üzeyir Muradov. Onu daxili işlər orqanlarında hamı tanıyırdı...

Canından can verdiyi fotoları daha keyfiyyətli çəkmək üçün bəzən aparatın “tətiyini” sıxanda nəfəsini dərərdi. “Şəkil danışmalıdır, şəkil tarixin parçasıdır, biz vasitəçiyik.”,-deyərdi.
Hamıdan tez işə gələrdi. Eynəyini gözünə taxar, gündəlik qəzetlərə göz gəzdirərdi. Hərdən də əlini-əlinin üstünə qoyar, başını azca aşağı əyib mürgü vurardı. Söhbətindən, sözündən doymaq olmazdı. Baməzə zarafatları da öz yerində. Çəkilişlər zamanı başına gələn maraqlı hadisələri, ezamiyyətlərdəki sərgüzəştləri yorulmadan danışar, sonra da üzünü bizə tutub deyərdi ki, bunları yazın, bir gün mən həyatda olmayanda oxuyub xatırlayın. Ona “neçə ildir şəkil çəkirsiniz?” deyəndə gülümsəyərdi: “Mən dünyaya gələndən şəkil çəkirəm”. Doğurdan da, Üzeyir kişini fotoaparatsız təsəvvür etmək olmurdu. O, həm də “çörək ağacı”nı göz bəbəyi kimi qoruyurdu...

Ömrünün yarım əsrdən çoxunu daxili işlər orqanlarına həsr etmişdi. Bu gün o aramızda yoxdur. Danışan şəkilləri ilə “Mübariz keşikdə” qəzetinin səhifələrinə rəng qatan və daha da maraqlı edən
Üzeyir Muradov ömrünün 84 yaşında əbədiyyətə qovuşdu.
Allah rəhmət eləsin!

Ruslan Vəliyev,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər