Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.10.2020

Bu, qəhrəmanlıq deyil, bəs nədir?

Müharibənin dördüncü günündə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdülər. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almış yaralılara şəfa diləyən cənab İlham Əliyev dedi: “Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər... Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik...”

Görüşdə yaralılardan biri – mayor Etibar Camalov çıxışında Ali Baş Komandanın sözlərindən qürur duyduqlarını hər zaman torpağımız, dövlətimiz üçün silaha sarılıb vuruşmağa hazır olduqlarını bildirdi. O, tibb personalının yaralılara böyük diqqət və qayğı göstərdiyini, çox yaxın bir zamanda sağalıb, bütün döyüşçü yoldaşları ilə cəbhə bölgəsinə qayıdacaqlarına inamını ifadə etdi.
Bəli, bu, qəhrəmanlıq nümunəsidir! Müzəffər ordumuz bax bu cür oğulları ilə rəşadətlidir. Bu cümlələri yaza-yaza xalq şairi Səməd Vurğunun tarixə Böyük Vətən müharibəsi kimi düşmüş “1941-1945-ci illər müharibəsi”nin əvvəllərində - 1941-ci ilin iyul ayında yazdığı bir şeirini xatırlayıram. Şeir belə adlanır:

“Məhəbbət”.
– İstirab içində yatır qəhrəman,
Nə qədər solğundur onun bənizi,
Canında qalmamış artıq isti qan,
Doktor kömək üçün çağırır bizi:
“Gəlin, bu igidə qan verək bir az,
Yoxsa bu yaradan xəstə sağalmaz”.
Odur, laçın gözlü bir qız gələrək,
Açdı sağ əliylə öz sol qolunu.
“Tez ol qan al!” – dedi o gözəl mələk,
Öz qanım sağaltsın Vətən oğlunu”.
Doktor sevinərək durmadı bir an,
Qan aldı o qızın şümşad qolundan,
Azacıq keçmədən tərpəndi xəstə,
Yenə də dünyaya baxdı gözləri.
Qız çiçək də verdi ona bir dəstə,
İnsanlıq böyükdür əzəldən bəri...
Xəstənin köksündə çırpındı ürək,
Baxdı gözəl qıza gülümsəyərək.
Dolandı həftələr... Qalxdı qəhrəman,
Yenə xatirinə düşdü cəbhələr...
O, ayrı düşmüşdür yoldaşlarından,
Qəfəsdə bağlanıb qalarmı hünər?
Alıb silahını düzəldi yola,
Dalınca qız dedi: – Uğurlar ola!

Əl içi boydakı bir şeirdə nə qədər səmimi pıçıltılar, səmimi ifadələr olarmış, İlahi? Bu gün Azərbaycan əsgəri tarix yazır!
Daha bir qəhrəmanlıq nümunəsi: Oktyabrın 8-də saat 11:00 radələrində vəziyyəti öyrənmək üçün Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə – Xocalı rayon Polis Şöbəsinin rəisinə zəng edirəm:
– Polis polkovnik-leytenantı Zaur Nəbiyev eşidir sizi, cənab polkovnik.
– Vəziyyətiniz necədir, probleminiz yoxdur ki? – soruşuram.
– Hər şey qaydasındadır, narahat olmayın, – deyir və əlavə edir ki, şəxsi heyətin əhval-ruhiyyəsi yüksəkdir...
Bu qısa dialoqdan az sonra eşidirəm ki, 5 saat əvvəl Ermənistan silahlı
qüvvələri tərəfindən atılmış mərmilərdən biri RPŞ-nin inzibati binasına, xüsusilə də rəisin kabinetinə ciddi ziyan vurub.
İlahi, Vətənə bağlılıq necə möhkəm olarmış? Vətən sevgisi hər şeyi necə üstələyərmiş? Əslində, mənim cavabım “Gərginlikdir”, “Atırlar”, “Evlərə və təsərrüfatlara ziyan dəyib” kimi sözlər olmalıydı. Demədi bunları Zaur Nəbiyev. Yalnız onu dedi ki, əhvalımız yüksəkdir. Bu, qəhrəmanlıq deyilmi?
Saysız-hesabsızdır belə nümunələr. Mən sadəcə ikisini göstərdim: Ordu zabiti Etibar Camalovla polis zabiti Zaur Nəbiyevin cəsarətini, qətiyyətini. Və bu sətirləri yaza-yaza hiss edirəm ki, şair Yurdoğlunun təbirincə desəm, ruhum özünə yer tapmır, qanım qaynayır, yumruğum sıxılır, biləyim möhkəmlənir. Bilirsiniz niyə? Çünki bizim işimiz haqq işidir, mübarizəmiz haqqın uğrundadır. Tanrıya şükür edək ki, bu gün Etibar kimi, Zaur kimi oğullarımızın sayı minlərlədir. Hər biri də canını Vətənə fəda etməyə hazır oğullar. Axı...

Bu namus savaşıdır, bu, torpaq savaşıdır,
Qarabağçün darıxan bir bayraq savaşıdır.
Bu, haqqını istəyən xalqın haqq savaşıdır,
Qoy haqqın uğrunda da canımız olsun fəda,
Hamı bilsin, Qarabağ Azərbaycandır, nida!

Rahib Qarayev,
Şəxsi Heyətlə İş İdarəsinin rəisi,
polis polkovniki

Geriyə Çap et


Faydalı keçidlər
Linklər