Logotype

1933-cü ildən çıxır

Xəbərlər

11.09.2020

Polisin köməyi ilə ərsəyə gələnlər

Bu gün vətənpərvərlik hisslərinin təbliği ilə yanaşı, dövrün tələblərinə cavab verən, gənclərin asudə vaxtının səmərəli təşkilinə həsr olunan, o cümlədən narkotiklərlə mübarizəyə yönəlik layihələr də daxil, bir sözlə, bütün sağlam təşəbbüslər dəstəklənir və köməklik göstərilir. İqtisadi yüksəlişin yaratdığı imkanlar intellektin, təxəyyülün ərsəyə gətirdiyi yeniliklərin cəmiyyətdə təbliğinə və tanıdılmasına xidmət edir.
Özünütəsdiqə heç bir maneə yoxdur. Yaz, yarat, düşün və ideya ver. Bütün qapılar üzünə açıqdır.

Dövlət başçımızın XXI əsrin insanının, azərbaycanlısının dünyanı fəth etmək naminə etdiyi çağrışlara hər zaman dəstək verməsi, gənclərin dövlət idarəçiliyində təmsil olunması daha modern Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün gəncliklə bağlı olacağına bir işarədir.
Gəncləşməyə START verilib. Müsbət nəticələr var. ASAN-laşmaq, DOSTlaşmaq ideyası gerçəkləşdikdən sonra dünyaya örnək olacaq nümunələrə şahidlik edirik. Təcrübə mübadiləsi üçün dünyann inkişaf etmiş dövlətləri tərəfdaşımıza çevrilir.
Əlbəttə ki, hər bir uğurun təməlində sabitlik durur. Sabitliyimiz sərvətimizdir və onu qorumaqdan ötrü hamılıqla səfərbər olmuşuq. Demokratik qaydalarla idarə edilən dövlətdə yaşamaq xoşbəxtliyimizə bu gün sərhədlərimizin o üzündə günəşi qanla açılan, səmasından quşları perik düşən, sabahı sual altında qalan dövlətlərin vətəndaşlarının necə həsədlə baxmasını görmək imkanımız olsaydı, o zaman, nələrə sahib olduğumuzun dəyərini bəziləri anlayardı...

XXI əsr Yaradıcılıq əsridir. Ən güclüsü, ən gözəli, ən qiymətlisi uğrunda beyinlərin yarışı gedir. Kiçik bir informasiyadan OSKARLAR qazandıran möhtəşəm filmlər çəkilir, dünyanı silkələyən elmi yeniliklərə imza atılır.
Və yeri gəlmişkən, bu gün ölkəmizdə incəsənətin bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Mavi ekranlarda onlarla bədii və sənədli film nümayiş olunur. Bəs bilirdinizmi ki, həmin sənət əsərlərinin, ekran işlərinin ərsəyə gəlməsində polisin də rolu böyükdür. Bilmirdiniz...
Ekranlaşdırılan ədəbi nümunələrin çəkilişi üçün məkan əsas şərtdir. Filmdə cərəyan edən hadisələrin daha canlı, daha obrazlı alınması lazım olan rekvizitlərdən, məkanın seçilməsindən, mizandan, aktyor oyunundan, rejissor təxəyyülündən çox asılıdır. Apardığımız araşdırma zamanı son vaxtlar çəkilən filmlərin əksəriyyətinin vətənpərvərlik, cinayətkarlıqla mübarizə mövzularında olması diqqətimizi çəkdi. Film çəkilişləri ilə bağlı DİN-ə ünvanlanan müraciətləri incələdik. Gəldiyimiz qənaət bu oldu ki, həmin filmlərin çəkilməsində, ərsəyə gəlməsində DİN-in də əməyi danılmazdır. Çəkiliş zamanı aktyorların, kütləvi səhnələrdə iştirak edənlərin təhlükəsizliyini qorumaq üçün də polisə edilən müraciətlər çoxluq təşkil edir.
Dəstək verdiklərimiz Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür etməyi də unutmurlar. “Xüsusi təyinatlı İbad”, “Polkovnikin əmanəti”, “Olimpia”, “Mən qayıdacam”, “Sonsuzluğa uzanmış gecə”, “Ölüm qatarı”, “Mən burda tək olmuşam”, “Sevgi romanı”, “Kölə”, “Aldanmış hislər”, “Sonuncu pərdə”, “Əfsanə qayıdır” kimi onlarla bədii və sənədli filmlərin çəkilməsinə görə edilən müraciətlərə DİN tərəfindən müsbət cavab verilmiş və lazımı köməklik göstərilmişdir.

Rejissor Rəşad Nuri: “Xüsusi təyinatlı İbad” bədii filminin birinci və ikinci hissələrinin çəkilişində lazım olan rekvizitlərlə bağlı DİN-ə müraciət etdik. Bir neçə gündən sonra bizi ora dəvət etdilər. Döyüş səhnələrinin çəkilməsində, hadisələrin təsir gücünün artırılmasında, əsl müharibə effektinin yaradılmasında tanka, BTR-ə, iri və kiçik saplı silahlara və əsgərlərə ehtiyac vardı. Sağ olsun, DİN və Daxili Qoşunların rəhbərliyi. Filmin çəkilişinə köməkliklərini əsirgəmədilər.”
Rejissor Natiq Novruzov: “Biz sənət adamları hər zaman Daxili İşlər Nazirliyinin rəhbərliyindən diqqət və qayğı görmüşük. Ən çətin anlarda belə bu qurumun əməkdaşları köməyimizə çatıb, dadımıza yetiblər. Film çəkilişlərinə köməklik göstəriblər. Bütün tarixi dövrlərin xilaskarlıq missiyasını üzərinə götürən Azərbaycan Polisi incəsənətimizin, kinomuzun inkişafına da öz töhfəsini verir”...
Tarixin ən qanlı faciələrindən biri olan “Xocalı” filminin çəkilməsində yaradılan şəraitə görə də filmin yaradıcı heyəti DİN rəhbərliyinə minnətdarlıq məktubu ünvanlayıb. Bu siyahını daha da genişləndirmək olar.
Görünən odur ki, üzləşdikləri problemlərin həllində köməklik göstərilməsi üçün Daxili İşlər Nazirliyinə sənət adamları da müraciət edir, diqqət və qayğı görürülər. Odur ki, seyr etdyimiz bədii və sənədli filmlərin ərsəyə gəlməsində polisin də əməyi, rolu var fikrini deməyə haqqımız var.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər