Logotype

1933-cü ildən çıxır

Xəbərlər

07.09.2020

Sabir indi Balaxanını görsəydi...

Balaxanı deyəndə artıq gözlərimiz önünə zibil poliqonları, neft gölməçələri, mazutlu torpaqlar gəlmir. Bu tarixi yurd indi gəzməli-görməli turistik bir məkana çevrilib. Biz də “Mübariz keşikdə” olaraq “yüz eşitməkdənsə, bir kərə görmək yaxşıdır”,-deyib yollandıq Balaxanıya. Gözlərimiz önündə bir başqa mənzərə vardı.

Burada abadlıq, bərpa və təmizlik işləri aparılmış, hər tərəf gül-çiçəyə qərq olmuşdu. Məhəllə evlərinin qapılarında, hasarlarda müxtəlif rəngarəng, hətta maraq doğuran rəsmlər çəkilmişdi. İlk görüşümüz səmimi, “türkəsaya” sakinlər və uşaqlarla oldu. Bizi polis formasında görən uşaqların gözündəki sevinc, sakinlərin üzündəki təbəssüm o qədər şirin və doğma gəldi ki, sanki onları çoxdan tanıyırdıq. Salamlaşıb, hal-əhval tutduq və buranın belə dəyişdiyinin onlarda hansı təəssüratlar yaratdığı ilə maraqlandıq. Yaradılan şəraitə, dövlət başçımızın göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər. Balaxanıda asayişi qoruyan həmkarlarımızı da yaddan çıxarmadılar. Dedilər ki, bu işlərin ərsəyə gəlməsində polisin zəhməti çox olub. Polis olmasaydı bəzi xırda nüanslar qan qaraldar, işin gedişatına mənfi təsir edərdi. "Olar, sizinlə şəkil çəkdirək?",- deyib uşaqlar bizi dövrəyə aldılar. Adətən, valideynlər nadinclik edəndə uşaqları polislə, həkimlə qorxudurlar. Beləcə, kiçik yaşından onların beynində bu riskli peşə sahiblərinə qarşı bir qorxu hissi hakim kəsilir. "Bu şəkilləri məktəbə gedəndə uşaqlara göstərəcəyəm. Böyüyəndə mən də polis olacağam, elə kəndimizdə işləyəcəyəm". Bu sözləri bizə ərklə deyən, cəsarəti boyundan böyük oğlanın dərsləri ilə də maraqlandıq. Onlar məktəbin tez açılmasını, dərsə gedəcəkləri günü elə həsrətlə gözləyirlər ki...

Uşaqlarla söhbətin şirin yerində bizə bir ağsaqqal yaxınlaşıb salamlaşdı. “Allah sizi qorusun bala, sizin bu neçə ayda çəkdiyiniz əziyyəti itirmərik. Biz yaşlılara, qocalara göstərdiyiniz qayğını da heç vaxt unutmarıq. Həm də sayənizdə qəsəbədə çox cinayətlərin qarşısı alınıb”...
Yeri gəlmişkən, Balaxanının qədim tarixi var. Burada tikilən evlərin əksəriyyəti II Nikolayın dövründən qalıb. Hacı Şəhla məscidi Şirvanşahlar, Səfəvilər dövründə tikilib. Şah Səfi karvansarayı da bu qəsəbədədir. Uzun illər qum altında qalmış məhşur “Qum hamamı” da Balaxanının incilərindəndir. “O vaxtlar şah uzun yoldan qayıdanda bu hamamda dincələrmiş. Hələ Nobelləri, Rotşildləri demirəm. Onlar Balaxanının nefti ilə varlanıb və məhşurlaşıblar”. Bunu da ağsaqqal diqqətimizə çatdırdı.

Ərazinin sahə rəisi, polis mayoru Emin Babayev dedi ki, qəsəbənin uşaqları xarici dilləri öyrənməyə həvəs göstərirlər. Bu, həm də qazanc yeridir. Qəsəbə sənətkarları da turistlərin diqqətini cəlb edən sənətkarlıq nümunələri hazırlayıb güzəranlarını yaxşılaşdırırlar.
Sakinlərlə qəsəbəni gəzib tarixi abidələrlə tanış olduq. Xatirə şəkilləri çəkdirdik. Bu görüş uzun illər yaddaşımızda qalacaq. Bəlkə də orada tanış olduğumuz balacalardan hansısa gələcəkdə polis mundirində qarşımıza çıxıb “Mən həmin o uşağam, turistlər məkanına çevrilən qəsəbənin sakini”,- deyəcək...
P.S. “Oxutmuram əl çəkin”,-deyən Sabirimiz də Balaxanıda müəllimlik edib. Görəsən indi Sabir Balaxanını görsəydi...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər