Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.08.2020

Təbiətin də keşiyindəyik...

Ekoloji tarazlığın pozulması dünyanı fəlakətə sürükləyir. Hələ sönməyən müharibə ocaqlarında, xüsusilədə Qarabağda məhv edilən təbiətin fəryadını eşitmək üçün aidiyyəti təşkilatlar ikili standartlardan uzaq olmalıdırlar.

Əslində, bu yazını qələmə almağa məni vadar edən səbəblərdən ən başlıcası erməni işğalçıları tərəfindən zəbt olunmuş rayonlarımızda dünyanın biganə qaldığı ekoloji fəlakətlər barədə qarşıma çıxan məlumatlar oldu. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə mövcud olan faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunur, flora və fauna sistemli şəkildə məhv edilir.
Həmçinin, Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi də sadalanan ekoloji cinayətlər sırasına daxildir. Bu cür yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşür, zəngin meşə fondu torpaqları məhv olmaq təhlükəsi altında qalır, yandırılan sahələrdə mövcud olan flora və fauna nümunələri məhv edilir...
Bu gün Azərbaycanı yaşıllıqlar diyarına çevirmək üçün ekoloji durumun ilbəil yaxşılaşması prosesi dövlət siyasəti olaraq uğurla davam etdirilir.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Qeyd edək ki, dövlət başçımızın təşəbbüsü ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilib və ötən müddət ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və bioloji müxtəlifliyin qorunması diqqət mərkəzindədir.
Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlər də xalqımız tərəfindən rəğbətlə qarşılnaır. Yeri gəlmişkən, Birinci vetse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb oldu. Bu nəcib təşəbbüsə Daxili İşlər Nazirliyinin və onun yerli qurumlarının şəxsi heyəti də qoşulub, fəal şəkildə iştirak etmişdi. Həmin aksiyada respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11.400 ədəd şam və küknar ağacı əkilmişdi.
Polis əməkdaşlarının ekoloji mədəniyyətin formalaşmasında göstərdiyi nümunəvi addımlar təkcə ağac əkməklə yekunlaşmır. Cinayətkarlığın bütün sahələri ilə daim amansız mübarizə aparan Azərbaycan Polisi, flora və faunamıza zərər vuran, qanunsuz ağac kəsimi ilə məşğul olan bəzi "işbazlara" qarşı da barışmaz mövqeyi ilə seçilir. Belə ki, bir neçə ay əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Oğuz, Qəbələ rayonları ərazilərində yaşıllıq sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi qarşı kompleks əməliyyat tədbirlər hazırlanaraq həyata keçirildi.
Müəyyən olundu ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilib. Dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da məlum olub.
Bu gün polis əməkdaşları və müvafiq dövlət orqanları ilə birgə mütəmadi olaraq ekologiya və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində qanunsuz qum-çınqıl, meşə materialı, torpağın üst qatının daşınmasına qarşı mübarizə aparılır. İaşə obyektləri tərəfindən ekoloji mühitin korlanması ilə nəticələnən məişət tullantılarının təbiətə atılması və bu kimi qanunsuzluqlara qarşı tədbirlər görülür.

Anar Qafarov,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər