Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.08.2020

Optoqrafiya – fərziyyə, yoxsa elm?

Optoqrafiya nədir? O, elmdir, fərziyyədir, yoxsa əfsanə? Bu suallara cavab tapmaq üçün dövrümüzdə araşdırma aparmaq imkanları çox genişdir. Düzü, bu barədə Azərbaycan dilində köməyimizə çatan heç bir ədəbiyyata rast gəlmədik. Kiçik bir araşdırmadan sonra daha maraqlı bir məqam diqqətimizi çəkdi. Rusiya istehsalı olan “Palaç” (“Cəllad”) teleserialında qətl törədən şəxsin qurbanını öldürdükdən sonra onun gözlərinə atəş açması və ona “Niyə belə etdin”, - deyən dostuna: “Bu, optoqrafiyadır” deməsi bu terminin əfsanədən uzaq olması anlamına gəlir...
Meyitin göz bəbəyində qatilin “fotoşəkilinin” həkk olunması barədə əfsanə Jül Vernin “Kip qardaşları” romanının süjetində öz əksini tapmışdır. Kapitan Harri Cibsonun qətlə yetirilməsini təsvir edərkən, Jül Vern öldürülən şəxsin hələ açıq qalmış göz bəbəklərindən çəkilmiş fotoşəkili xatırladır. Həmin fotoşəkil təqsiri olmadan qətl törətməkdə ittiham olunan Kip qardaşlarına bəraət verilməsində həlledici rol oynayır və qətlə yetirilmiş şəxsin gözünün torlu qişasında təsbit edilmiş, obrazlarının fotoşəkillərdə əks olunduğu əsl qatilləri – Flyayc Bolt və Uin Mod adlı matrosları ifşa edir...
1873-cü ilin yanvar axşamı Peterburqda Aleksandr Nevskiy lavrasının iyerorahibi İllarion qətlə yetirilir. Həmin hadisənin şahidi olan İ.D.Putilin hadisə yerinə baxış məqamlarından birini bu cür təsvir edir:
“Cənablar, kənara çəkilin! – deyə, həkim bizə müraciət etdi. Biz pəncərənin yanından kənara çəkildik. Həkim meyitin üstünə çox yaxın əyilib, İllarionun ölü gözlərinə diqqətlə baxmağa başladı.
Beləcə bir neçə usandırıcı dəqiqə keçdi.
– Bağışlayın, həkim, - deyə, prokuror sözə başladı: “Meyitin gözlərinə niyə bu qədər diqqətlə baxırsınız?”
– Ağlınıza heç nə gəlmir ki? Bilirsiniz, məhkəmə təbabəti sahəsində Qərbin bəzi müasir alimləri olduqca mühüm və dəyərli bir kəşf etmişlər. Müşahidələr nəticəsində məlum olmuşdur ki, bəzi hallarda qətlə yetirilənlərin gözündə fotoqrafik plastina kimi qatilin obrazının əksi təsbit olunur. Bu isə ölümündən bilavasitə əvvəl qurbanın qatil ilə göz-gözə gəldiyi halda baş verir... Təəssüf ki, bizim situasiyada belə hal baş vermədi. Göz bəbəyi sönük, tutqundur... bəli... elədir, qətiyyən heç nə görünmür”.
Maraqlıdır, həkim hansı “elmi kəşflərə” istinad edirdi? Müasir rus alimi Sergey Ryazantsev özünün “Tanatologiya – ölüm haqqında elm” adlı kitabında optoqrafiya ( meyitin gözündə qatilin şəklinin əks olunmasını bu cür adlandırılır ) problemi ilə əlaqədar aşağıdakı məlumatı verir. 1876-cı ildə alman fizioloqu Frants Bol qurbağa gözünün torlu qişasının çubuqlarında parlaq qırmızı rəngli piqment aşkar edir və həmin piqmentə görmə fırfırı və ya rodopsin adını verir. Həmin piqment parlaq işiq şüalarının təsiri altında öz rəngini itirirdi, bu isə çubuqvari görmə qabiliyyəti ilə tamamlanan reaksiyaların başlanğıc mərhələsi idi.
Professor V.Kyunenin rəhbərlik etdiyi Geydelberq laboratoriyası rodopsinin tədqiqatlarına xüsusilə böyük maraq göstərdi. Kyune anladı ki, işıqda rəngini itirən piqmenti istifadə etməklə canlı gözün köməyi ilə fotoşəkil çəkmək olar. O, həmin metodu optoqrafiya, bu yolla alınan şəkilləri isə - optoqram adlandırdı.
1880-ci ilin noyabr ayında Kyune edam olunmuş cinayətkarın gözünün torlu qişasının tədqiqatını aparır. Edam aktından on dəqiqə sonra o, sol gözün torlu qişasını tamamilə çıxarıb, nərdivan pilləkənlərini xatırladan dəqiq optoqram alır. Lakin alınan optoqramın mənasını Kyune qəti müəyyən edə bilmir.
Sergey Ryazantsevin gəldiyi nəticə belədir: “Optoqrafiya haqqında yüzillik əfsanəyə yekun vuraraq tam əminliklə demək olar ki, prinsip etibarilə rodopsinin köməyi ilə fotoşəkil çəkmək mümkün olsa da, təcrübə sahəsində bunun gələcəyi yoxdur. Birincisi ona görə ki, torlu qişada fotoqrafik portretlərin deyil, yalnız çox parlaq, kontrastlı təsvirlərin təsbit olunması mümkündür. İkinci səbəb isə odur ki, hətta bu cür primitiv təsvirləri əldə etmək üçün ölüm baş verəndən dərhal sonra torlu qişanın kimyəvi reaktivlərdə fiksasiya edilməsi tələb olunur. Buna görə də rodopsin fenomeninin öyrəniləməsinə olan əsas maraq görmə qabiliyyətinin kimya ilə əlaqəli problemlərinin tədqiqindən ibarətdir ki, bu da heç bir şəkildə kriminalistika məsələləri ilə əlaqədar ola bilməz”.
Optoqrafiyanın müasir tərəfdarları da bu fenomeni yenidən tədqiq etmək üçün təşəbbüs göstərir. Amerikanın psixologiya assosiasiyası bəyan etmişdir ki, amerikalı psixoloqların apardığı təcrübələr göstərdiyi kimi, insan gözü həqiqətən də simalarla bağlı, o dərəcədə fotoqrafik olmasa da, ən dəqiq yaddaşa malikdir.

Ruslan Vəliyev,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər