Logotype

1933-cü ildən çıxır

Xəbərlər

05.08.2020

Polisin rəssam övladı

Ömrünü polis peşəsinə həsr etmək istəyənlərə bu peşənin bərkini-boşunu görənlərin, ağrısını-acısını yaşayanların, saçını-saqqalını cinayətkarlıqla mübarizədə ağardanların ilk tövsiyəsi bu olur: uğura gedən yol bilikdən, ünsiyyətdən və müşahidədən başlayır. Deyilənlər təsdiqini tapdıqca illər ötür və nəsillər biri-birini əvəzləyir. Elə qazanılmış təcrübə də beləcə nəsildən-nəsilə miras qalır.
Polis ömrü mütləq şəkildə bir qəlibə sığdırılmalıdır və sözün əsl mənasında, özünə nələrisə qadağan etməlisən. Çünki polis hər zaman diqqət mərkəzindədir. O, qanunvericiliyin tələblərinə uyğun olaraq peşə borcunu yerinə yetirərkən ictimai nəzarətin də üzərində olduğunu hiss etməlidir...

Elə sanmayın ki, bilərəkdən mətləbdən uzaqlaşdım. Xeyr, bunları yazmağı, əslində, özümə borc bildim. Və keçək mətləbə...
Polis ailəsində böyüyən uşaqların da ilk sözü ana, ata olur. Ancaq onları başqalarından fərqləndirən ilk arzularıdır: “Mən də polis olacağam”...
Düzdür, polisdən, həkimdən qorxanlar da böyüyəndə həmin peşələri seşəcəklərini dilə gətirirlər. Arzuya sərhəd yoxdur...

Fatimə gələcəkdə rəssam olmaq arzusundadır. Onunla ilk tanışlığım çəkdiyi rəsmlərdən başladı. Balaca rəssamın çox geniş müşahidə qabiliyyəti var. O, baş verən hadisələrə seyriçi qalmır. Onu yaşıdlarından fərqləndirən əsas xüsusiyətlərdən biri də budur.
Bu günlərdə Azərbaycanla Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə münasibət bildirməsi, hətta onu şərh etməsi və “1918-ci ildə Bakını azad edən Türk-islam ordusunda döyüşənlərin nəvələri bu gün də öz qan, can qardaşlarını darda qoymadılar” fikri məni qürurlandırdı.
Yeri gəlmişkən, erməni millətçiləri tərəfindən başımıza gətirlən faciələr, yurd-yuva itkisi, soydaşlarımızın doğma torpaqlarımızdan zorla qovulması, didərgin düşməsi onun fırçasında şəkillənib, kətan üzərinə köçürülüb.

Fatimə beş yaşından rənglərin dilini öyrənir. Ən çox təbiət və Vətənpərvərik mövzularında rəsmlər çəkməyə üstünlük verir. Oxuduğu hər hansı bir bədii əsərdən təsirlənib ruhundakıları bir işıq seli kimi kətana köçürə bilir. Fırça, kətan və bir də boya onun “oyuncaq”larıdır.
Xətai rayonundakı 48 nömrəli məktəbin 6-cı sinif şagirdidir. Dərslərini də yaxşı oxuyur. Süleyman Ələsgərov adına bir nömrəli Uşaq İncəsənət Məktəbinin üçüncü sinfindədir.
Fatimə sabitlik adlı sərvətimizi qoruyanların sırasında xidmət edən, adına və andına sadiq qalan polis övladıdır. Atası, polis kapitanı Araz Allahyarov DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin əməkdaşıdır. Fürsətdən istifadə edib onunla da həmsöhbət olduq. O, da bizim kimi Fatimənin gələcəyinə ümidli olduğunu bildirdi.

Fatimə balamızın, polis övladının, Vətənə, xalqa sevgi ruhunda böyüyən bu Vətən sevdalısının gələcəyin böyük rəssamlarından biri, eləcə də uğurları ilə hər birimizi sevindirəcək Azərbaycanlı olacağına şübhəmiz yoxdur.
Və bu gün Azərbaycanımızı dünyada bilik, idman və incəsənət sahəsində təmsil edən onlarla polis övladı var. Onları tanımaq və tanıtmaq missiyası isə bizim üzərimizə düşür. Bu, həm də Vətən qarşısında borcumuzdur.

H.Təmirov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər