Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.07.2020

Şirin candan keçənlər

Qanunun aliliyi təmin edilmədən əmin-amanlığı, ictimai asayişi, təhlükəsizliyi qorumaq, sabitliyə, inkişafa nail olmaq mümkün deyil.
Azərbaycanımızın dünyada sabitlik adasına çevrilməsində, şübhəsiz ki, daxili işlər orqanlarının gərgin əməyi, yorulmaz fəaliyyəti durur. Bu uğura gedən yolda 102 illik şərəf salnaməsi yazan Azərbaycan Polisinin itirdikləri də az olmayıb. Cinayətkarlıqla qətiyyətli mübarizədə neçə-neçə igid həmkarımız şəhidlik zirvəsinə ucalıb.
Onların adını unudulmağa qoymuruq, xatirələrini həmişə əziz tuturuq ki, sıralarımıza yeni qoşulanlar qəhrəmanlıqları, şücaətləri ilə polisin tarixinə əbədi həkk olanların, onu daha yaddaqalan edənlərin davamçıları olduqları ilə qürur duyub, fəxr etsinlər. Bu gün “yurda qul, yurda oğul” deyənlərin mübariz simaları gözlərimiz önünə gəlir, adlarını hörmətlə anırıq...
Şükür Abdullayev Xocavənd rayonunun Zəmzur kəndində yenicə yaranan Polis Bölməsində polis kiçik serjantı rütbəsilə xidmətə başlayanda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şiddətli döyüşlər gedirdi. Postda xidmətdə olarkən dəfələrlə ölümlə üzbəüz qalmasına baxmayaraq, çevikliyi, cəsurluğu sayəsində əcələ yaxa verməmişdi. 1991-ci il noyabrın 15-də xain düşmənin posta hücumu zamanı Şükürün son sözləri bu olur: “Son damla qanımıza qədər vuruşacağıq!”.

Polis sıravisi Vahid İbrahimov 1991-ci ilin iyulunda Goranboyun Erkəş kəndinə pasport rejimini yoxlamaq üçün ezam olunmuşdu. Həmin ərəfədə kənd düşmən hücumuna məruz qalır. Geri çəkilmə əmrinin gəlməsinə baxmayaraq, həmkarımız kəndin müdafiəçiləri olan igid oğullarımızla birlikdə düşmənin üstünə şığıyır. Qeyri-bərabər döyüşdə o, şəhidlik zirvəsinə ucalır.
Bu gün atəşkəs dövründə də polis cəbhədədir. Cinayətkarlıqla, dövlətçiliyimizə xələl gətirmək istəyənlərlə qətiyyətli mübarizədədir. Və bu amal, məslək uğrunda şirin canlarından keçənlərin adları da əbədiyaşarlıq qazanıb.
2013-cü ilin oktyabrında, 2015-ci ilin noyabrında və 2018-ci ilin iyulunda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran, din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi əməliyyatlarında həlak olan polis polkovniki İlqar Balakişiyevin, polis polkovnik-leytenantı Səməd Abbasovun, polis mayoru Qalib Quliyevin, polis serjantları Vüqar Nəsibovun və İsmayıl Tağıyevin adı da Vətənsevərlərin yaddaşlarında ölməzlik zirvəsini fəth edib.
Bunlar Azərbaycan Polisinin şərəfli döyüş və xidmət yolunun bir parçasıdır...
Hazırda ölkəmiz yeni bir təhdidlə-koronavirus təhlükəsi ilə üz-üzədir və Azərbaycan Polisi gözəgörünməz düşmənlə döyüşdədir. Qarşılıqlı inama və ehtirama söykənən polis-vətəndaş həmrəyliyi bu çətin və həssas günlərdə daha da möhkəmləndi, daha da bərkidi. İnsanlar da öz növbəsində polisə olan inamını, etibarını nümayiş etdirdilər. Bax, bu xilaskarlıq missiyasını yerinə yetirən asayiş keşikçilərinə verilən yüksək dəyərin, göstərilən etimadın əyani təzahürüdür.


Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər