Logotype

1933-cü ildən çıxır

Xəbərlər

17.06.2020

Həyat onları da sınayır...

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər. Həkim olmaq həyatını, vaxtını, istirahətini həyat qurtarmaq üçün fəda etmək deməkdir.
Bütün dünyada COVİD-19 pandemiyasının yayılması həkimlərimizin həyatımızdakı rolunun nə qədər mühüm olduğunu bir daha göstərdi. “Azərbaycanda həkim yoxdur” deyənlər doğmasını, əzizini xilas edən, gecə-gündüz bilməyən həkimləri görəndə vicdan əzabını ifadə etməyə söz tapmadılar...
Ağ xalatlı xilaskarların əməyini və əziyyətini bu gün bütün dünya görür və qiymətləndirir. İlin əvvəlindən başlayaraq bəşəriyyəti cənginə alan koronovirus epidemiyası ilə mübarizə aparan, öz canlarını təhlükəyə ataraq, insanları bu bəladan qorumağa çalışan, günlərlə ailələrindən, uşaqlarından ayrı düşən həm də onlardır. Təəssüflər olsun ki, bu bəla həkimlərimizin də ömrünü yarıda qoyur. Hər gün onlarla xəstəni müayinə edərkən xəstə ilə bir həyəcan keçirir, nəticələrin cavabının yaxşı çıxması üçün dua da edirlər. Axı bu çətin və şərəfli peşəni seçərkən insanların sağlamlığının keşiyində duracaqlarına, neçə-neçə xəstəni həyata qaytaracaqlarına and içiblər. Bu gün onların içdikləri anda sədaqəti göz önündədir.
Əgər bizlər sağlamlığımızı düşünərək gücləndirilmiş karantin rejiminə riayət etsək, atdığımız hər bir məsuliyyətli addım pandemiyanın sona çatmasına və fədakar həkimlərimizin, polislərimizin ailələrinə qovuşmasına səbəb olacaq.
Yeri gəlmişkən, hər il iyunun 17-si Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Biz də bu əlamətdar gün münasibətilə DİN-nin hər bir əməkdaşına, onun ailə üzvlərinə, təqaüdçülərinə və mülki işçilərinə yüksək qayğı və tibbi kömək göstərən DİN-nin A.Heydərov adına Respublika Hospitalının, 1 və 2 nömrəli poliklinikalarının təcrübəli, peşəkar və qayğıkeş tibb ailəsinə təşəkkürümüzü bildirir, bu çətin günlərdə səbr, dözüm arzulayırıq.
Və Azərbaycan xalqı sizlərin fədakarlığını heç vaxt unutmayacaq...
Ruhiyyə Əliyeva,
polis baş leytenantı

 

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər