Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

18.06.2020

Vətən daşı olaq, qürbətdən Vətənə atılan daş olmayaq...

Əslində, xalqın gücünə arxalanan “siyasətbaz”ların, daha doğrusu, köç dala qayıdanda qabağa düşən ağsaqların ucbatından dövlət və millət olaraq hansı təhlükələrlə üzbəüz qaldığımızı, itirdiklərimizi, yaşadıqlarımızı xatırlatmaq istəmirəm. Yenidən müstəqillik əldə etdikdən sonra tökülən qanları bihudə, özlərini isə guya xalqa azadlığı bəxş edən “fədailər” hesab edənlər hakimiyyətə gəlib uzun müddət iqtidar olmağı düşünsələr də tarixin sınaqları qarşısında aciz qaldılar. Çünki siyasi dünyagörüşün, idarəetmə təcrübəsinin sıfırın üzərində olması xalqın sevgisini və etibarını qazana bilməmələri onlara iqtidar olmaq sevincini yaşamağa imkan vermədi.
Bu gün xarici donorların əli ilə Azərbaycanı XX əsrin əvvələrindəki siyasi və iqtisadi duruma salmaq, yenidən hakimiyyətə gəlmək istəyənlər keçmişlərini etiraf etməzlər, çünki o mərdlik onlarda yoxdur. Ancaq Xalq kiminsə xilaskar olduğunu etiraf edirsə, deməli o tarixdə Öndər kimi qalır.

Azərbaycanın müstəqil siyasət aparması, dünya birliyində Qafqazın ən güclü dövləti kimi yer tutması, bir çox güclərin qorxduğu TURAN birliyinin ideoloji mərkəzinə çevrilməsi, əlbəttə ki, bəzi planların pozulması ilə nəticələnir. İqtidar-Xalq birliyini sarsıtmaq istəyənlər isə “beşinci kalon”un “gücü”ndən faydalanmaq üçün ən iyrənc yollara, təhqirə belə əl atırlar.
Təhqir etmək mübarizə forması deyil. Təhqir edənin şəxsiyyət kimi yox olmasının, öz şərəfini, vicdanını satmasıdır ki, onu sözlə bir başqa cür ifadə etmək olmur. Vətən daşı olmaq istəməyənlərin Vətənə daş atmağını zaman gələcək tarix onlara bağışlamayacaq.
Azərbaycan Konstitusyası hər kəsə özünü ifadə etmək, yəni söz azadlığı hüququnu verib. Ancaq təəssüflər olsun ki, bəzi “düşüncə” sahibləri bu gün Avropanın, Amerikanın özündə belə qadağalar kimi tətbiq olunan nəsnələri ölkəmizdə sınaqdan keçirmək üçün özünü “pioner” elan etmək istəyir, qanunsuz əməlinin qarşısı alındıqda isə “ölkə polis qanunları ilə idarə olunur” deyirlər. Bax, elə dəhşət də budur. Bu satılmışlar, guya özlərini çoxbilmiş “siyasi fəal”, “bloqqer” hesab edənlər ölkəmizdə sabitliyi, əmin-amanlığı qoruyanları düşmən kimi qələmə verməyə çalışsalar da Xalq dünən olduğu kimi onun uğrunda bu gün də canını, qanını verənləri yaxşı tanıyır...
Məhəmməd Mirzəli adlı satılmışın anası “Yutub”dan Azərbaycan xalqına çağırış edir. Ssenariyə uyğun “üyüdüb tökür”. Sadəcə adam gəlib bu “haqqı” danışan qadının qulağına millətə dərs keşməkdənsə, yaxşı valideyn olub leksikonu söyüşdən və təhqirdən ibarət olan gədənə tərbiyə ver” sözünü pıçıldamaq istəyir. Daha dəhşətlisi, adına ziyalı deyilən biri sosial şəbəkədə yazır: “Bakı küçələrində polislər gestapo kimi gəzir, vahimə adamı basır”. Vətənə daş atanların siyahısını uzatmaq olar...
Xalqın sualı: 1993-cü ilin 15 iyununda bu Vətəni və xalqı parçalanmaqdan, bölünməkdən, yenidən qırmızı ulduzların əsarətinə düşməkdən Qoruyanın ulu öndər Heydər Əliyevin yanında siz niyə yox idiniz?
İqtidarı deyil, həm də doğulduğu ölkəni söyənlər görəsən bircə dəfə sığındıqlarına bizim Xocalı faciəmiz var deyiblərmi, bircə kərə də olsun bayrağımızı alıb “Xocalıya ədalət!” üçün bir araya gəliblərmi? Yox!
...Daşın təyinatı məlumdur. Ondan qorunmaq üçün də istifadə etmək olar. Üst-üstə qoyanda isə daş evə, ocağa, yurda çevrilir. Bu gün yurdumuzda daşın-daş üstə qalmasını, daşın Vətən olmasını görmək istəməyənlərlə həm daxildə, həm də xaricdə Xalq olaraq mübarizə aparırırq. Onlar bizi daşlasınlar, eybi yox, ancaq unutmasınlar ki, “Daldan atılan daş topuğa dəyər”, ya da ki, heç topuğa belə gəlib çatmaz...

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər