Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.06.2020

Polisi sevdirən polislər

Asim Vəliyev polis baş serjantıdır. Nərimanov rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşıdır. 2011-ci ildən daxili işlər orqanlarında xidmət edir. Səmimidir, ünsiyyətcildir. Əslində, belə də olmalıdır, çünki polis əməkdaşının etik-davranış kodeksində yazılıb: “Vətəndaşlar sizi dövlət maraqlarının təmsilçisi, insanların konstitusion hüquqlarını və qanuni mənafelərini qoruyan, geniş dünyagörüşünə, yüksək intellektə, həmçinin gözəl davranış mədəniyyətinə malik olan şəxsiyyət kimi qəbul etməlidir”…
Bütün bunlar öz yerində. Əgər o, bu peşəni seçibsə, onun bərkinə-boşuna düşməkdən, gecəli-gündüzlü xidmətdən, cinayətkarın bıçağına, gülləsinə tuş olmaqdan çəkinməyibsə, ötən illər ərzində insanların sevgisini, sayğısını qazanıbsa, deməli, içdiyi anda və polis adına sadiq Azərbaycan gənci, Vətən övladıdır.

Məqsədim onu tərif etmək deyil. O, polisdir, öz görəvini vicdanla yerinə yetirməlidir.
Operativ Qərargahın ölkə ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılması qərarından sonra maraqlı bir hadisəyə şahidlik etdim.
Bəlkə də polisdən “yanıqlı” olanlar “adi bir şeydir, bunca şişirtməyə nə ehtiyac var” deyib keçər, hələ üstəlik, məni tənqid atəşinə də tutarlar. Ancaq deməyə, təqdir etməyə, yaymağa ehtiyac var. Çünki polisi xalqın düşməni kimi qələmə verənlərə, hər gün onun ünvanına yalan, böhtan deyənlərə, “göz bəbəyimiz” kimi qoruduğumuz sabitliyimizi pozmaq istəyənlərə həddini bildirmək üçün gördüklərimizi, eşitdiklərimizi qələmə almalıyıq.

Xalq uğrunda canından keçən polisini yaxşı tanıyır. Diqqət edin, dünyanın onlarla ölkəsində irqi ayrıseçkiliyə görə mitinqlər təşkil edilir. Azərbaycanda hələ indiyə kimi kimsə irqi ayrıseçkiliyə məruz qalmayıb. Etik-davranış kodeksində polis əməkdaşına bunlar öyrədilir: “Milliyyətindən, cinsindən, irqindən, dinindən, əqidəsindən və cəmiyyətdə tutduğu mövqedən, siyasi mənsubiyyətindən, törədilmiş hüquqazidd əməldən və görüləcək qanuni adekvat tədbirdən asılı olmayaraq, siz heç kəsin qanunla qorunan konstitusion hüquqlarının pozulmasına yol verməməlisiniz”…
Günümüzün mənzərəsi budur ki, bu Torpaq ona Vətən deyəni hər zaman bağrına basıb, bu Millət uğrunda canından keçəni heç vaxt unutmayıb. Qarabağ uğrunda gedən döyüşlərdə tat, ləzgi, talış, yəhudi, udin, rus, lahıc və digər qeyri millətlərin şəhid olması bizi bir bayraq altında birləşdirən azərbaycançılıq ideologiyasına sadiqliyimiz, bu torpağa olan sevgimiz və ulu öndər siyasətinin təntənəsi idi.
Mətləbdən uzaqlaşmayım. Yaşadığım Nərimanov rayonunda polisin karantin rejimində xidmətini işıqlandırmaq üçün Qarabağ, Təbriz, Əliəşrəf Əlizadə küçələri ilə hərəkət etməyə başladım. Kimsə gözə dəymirdi. Yalnız Post-Patrul Xidməti avtomobillərində əhaliyə çağırış edilirdi. Uzaqdan gələn Post-Patrul Xidməti avtomobili yanımda saxladı. Məni tanıdılar…
Polis serjantı Asim Vəliyevin "qardaşım, sən bizə ünvanı de, gəlirik" deməsi diqqətimi çəkdi. Soruşdum. Düzü, mənə elə gəldi ki, hər hansı bir hadisə baş verib. Xəttin o başındakı şəxs ünvanı deyəndən sonra onda gördüm ki, DİN Daxili Qoşunların əməkdaşları avtomobildən ərzaq dolu torbaları düşürdülər. Deyilən ünvana yollandıq.

Məlum oldu ki, həmin şəxs Sabirabaddandır. Bakıda işləyir və kirayədə qalır. Pulu qurtarıb, ərzaq ala bilməyib. Bu iki gündə də bayıra çıxmaq qadağası onu təntidib. Bir dostuna bu barədə deyib. O da polislərə məlumat verib. Və ən maraqlısı, müsahibimin və onun ekipaj yoldaşlarının həmin şəxsə xidmət zamanı onlara verilən yeməyi gətirməsi idi…
Özləri də bilmədən diktafonu açıb “onda, belə çıxır ki, sizlər bu gün ac qalacaqsınız” sualını onlara verəndə "biz bilirik ki, nə vaxt getsək evimizdə qabağımıza isti yemək çəkəcəklər. Bir də ki, bir gün ac qalmaqla ölmərik. Əsas odur ki, həm Allahın, həm də bəndənin yanında üzümüz ağ olsun" cavabından sonra sağollaşıb getdilər. Bir xeyli arxalarınca baxdım və özümdən ixtiyarsız göz yaşlarım yanağım boyu süzüldü. Polis olmağımla bir daha qürur duydum və sıramızda belə oğulların çox olmasına sevindim.
Bir xoş söz, ürəkdolusu səmimiyyət böyük bir cinayət əməlinin qarşısını ala bilər. Bunun üçün polis olmağa ehtiyac yoxdur. Vicdanlı, Vətənini və xalqını sevən vətəndaş olmaq yetərlidir.
Polis baş serjantı Asim Vəliyevin, polis serjantı İmran Məmmədovun, Daxili Qoşunların Biləcəridəki “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatı Dəstəsinin müddətdən artıq hərbi qulluqçuları-kiçik çavuşlar Eyniyev Vüsalın, Səfərli İdrisin insanpərvərliyindən təsirləndiyim duyğular məni uzun illər tərk etməyəcək. Yaxşını, doğrunu, haqq olanı, haqqı olanı yazmaq özü də Vətənə xidmətdir. Bu gün bizim həmrəyliyə ehtiyacımız var. Birliyimiz bizi bəlalardan qurtaracaq. Bir olmağımız bu Vətəni və xalqı xaricdə oturub söyənlərə göz dağı olacaq.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər