Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.06.2020

Multikultural dəyərlərə sadiqlik

Qaradərili Corc Floyd demokratiyanın beşiyində polis tərəfindən öldürüldü. Bu, birinci qətl deyil Amerikada və sonuncu olması da proqnozlaşdırılmır. İrqi və dini ayrıseçkilik təkcə okeanın o tayında deyil, dəyərlərinə inteqrasiya etdiyimiz Avropada dünən də olub, bu gün də var. Düzdür, Amerika ictimaiyyəti bu olaya səssiz qalmadı. Etiraz dalğası ştatları silkələdi, hətta ordunun yeridilməsi məsələsi müzakirə mövzusu oldu. Bəzi ştatlarda ordu müdaxiləyə hazır vəziyyətə gətirildi də. Super dövlətdə irqi ayrıseçkilik onu göstərdi ki, insan hüquqları onu qoruyanlar tərəfindən pozulanda kütlənin qəzəbinin qarşısı alınmaz olur.
Demokratiya, dəyərlər və insan hüquqları böyük güclərin ona dırnaqarası baxmasından sonra dəyərini itirəndə Suriya kimi dövlətlər xarabazarlığa çevrilir, əhalisi qaçqın-köçkün vəziyyətinə düşür.
Corc Floydun günahkar və ya günahsız olması məhkəmədə sübuta yetiriləcək, ancaq onun “boğularam” sözünə məhəl qoymayan Amerika polisi humanizm prinsiplərindən uzaq olduğunu Derek Çauvinin timsalında sərgiləmiş oldu.
Bu yerdə Azərbaycan Polisinə qara yaxanlara, çamur atanlara səslənmək istəyirəm. Bu günə kimi Azərbaycanda kiminsə dilinə, dininə, irqinə görə təqib olunduğunu eşitdinizmi? Azərbaycan Polisinin dilinə, dininə, irqinə görə kimisə öldürdüyü xəbərini duydunuzmu? Eşitmədiniz, duymadınız. Sabitlik adlı sərvəti qorumaq, “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” nidasının gələcək nəsillərin bir bayrağın altında oxuması naminə candan və qandan keçmək gərəkdir. Ulu öndər Heydər Əliyevin təbirincə desək müstəqilliyi qoruyub-saxlamaq onu qazanmaqdan daha çətindir. Müstəqil ölkənin vətəndaşı olmaq qürurunu xalqını söyməklə qarın doyuzduranlar, cib dolduranlar heç vaxt anlamazlar.
Kiçik bir olayı, anlaşılmazlığı dövlətə, onun bel sütünü olan polisə nifrət hissi ilə öz aləmlərində "dünyaya duyuran" söyüşcül tutuquşular-adını bloqqer qoyan xainlər nədənsə bu aralar Amerikadan, Avropadan sitat gətirmədilər. Onlar yalnız ağalarından sitat gətirib özlərini millətin "təəssübkeşi" kimi göstərməklə məşğuldurlar.
Təhsil Nazirliyinin qarşısındakı aksiyada asayişi pozmağa cəhd edənlərlə və metroda polisin “maska tax, özünü qoru” çağırışına məhəl qoymayanlarla insident yaranarkən günün dırnaqarası qəhrəmanı olmaq istəyənlərin guya polisə təpki göstərməsini xalqın "haqsızlığa qarşı dirənişi” kimi göstərmək istəyənlərin tapşırığı kimlərdən alması gün kimi aydındır. Karantin rejiminə nəzarəti həyata keçirən asayiş keşikçilərinin səbrini sınağa çəkmək istəyənlərin təxribatçı əməllərinə Azərbaycan xalqının cavabı onu qoruyan, onun güvənc yerinə çevrilən polisinə sosial şəbəkələrdən dəstək verməsi oldu. Vətənimizi bölücülərdən qorumaq üçün həmrəylik nümayiş etdirənlər yazdılar ki, Vətəni və xalqı söyənlər haqqı görə biləcək qədər xoşbəxt deyillər.
Kiçik bir haşiyə çıxmaq istəyirəm. ABŞ polisi öz ölkəsinin ərazi bütövlüyü və suverenliyi uğrunda heç vaxt döyüşməyib. Çünki ABŞ bütün müharibələri öz torpağında deyil, kənarda aparıb. Azərbaycan Polisi isə şanlı döyüş yolu keçib. Torpaqlarımızın müdafiəsi uğrunda sırasından yüzlərlə şəhid verib.
Dəyərlər ölkəsi, multikulturalizmin beşiyi olan Azərbaycanda asayişi etibarlı qorumaq üçün polis gecə-gündüz demədən ayıq-sayıq xidmət aparır. Bütün MDB məkanında o cinayətkarlıqla qətiyyətli mübarizənin ön sırasındadır. O, öz xalqının haqsızlğa qarşı olan səsi və Vicdanıdır. Amerikalı general Deyl Uotson da belə deyir: “Mən Azərbaycanda olarkən, Azərbaycan Polisinin hörmət və ehtiramını gördüm. O, öz millətinin vicdanı, şərəf və ləyaqətidir…”
Fikrimizi bir az də dəqiqləşdirək və qətiləşdirək: Multikultiralizm ifadəsi leksikonumuza daxil olmazdan öncə Azərbaycanın bütün insani dəyərlərə sahib çıxan, onu qoruyan bir ölkə olduğunu dünya bilir və təqdir edir.
"Ölkəmizdəki sabitliyi gözügötürməyənlər suları bulandırmaqla məşğuldurlar. Xalqımız bir daha şahidi oldu ki, dövlət hər bir vətəndaşını düşünür və qoruyur. Pandemiya dövründə dövlət və xalq həmrəyliyi bir daha sübut etdi ki, biz birlikdə güclüyük. Polisimizin fəaliyyətinə gəlincə, onu demək istəyirik ki, asayiş keşikçiləri içdikləri anda sadiqliklərini bu çətin günlərdə də sübut etdilər". Bu fikirlər şəhid ailələrindən DİN-ə ünvanlanan məktublardandır.
Bəli, polisin fəaliyyətində humanizm əsas şərtdir. İnsana xoş münasibət, onun hüquq və azadlıqlarına hörmət mütləqdir. Azərbaycan Polisi xalqının xidmətçisidir. Onu güclü, dönməz və qorxmaz edən isə kürəyini söykədiyi xalqdır. Polisi güclü olmaqda suçlayanlara cavabımız isə belədir: "Güclü xalqın güclü də polisi olar."

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər