Logotype

1933-cü ildən nəşr olunur

Xəbərlər

02.06.2020

“Mən” “biz” olduğu zaman güclüyük

Afrikada tədqiqatlar aparan andropoloq bir qəbilənin uşaqlarına oyun oynamağı təklif edir. O, ağacın altına meyvələr qoyub deyir ki, kim birinci qaçaraq ağaca çatarsa, mükafat olaraq meyvələri də o yeyəcək.
“Başla!” əmri verilir. Uşaqlar bir-birinin əlindən tutaraq ağaca tərəf qaçır və meyvələri birlikdə yeyirlər. Uşaqların bu hərəkəti andropoloqa qəribə gəlir və niyə belə etdiklərini soruşur. Aldığı cavab bu olur:
“Biz buna “ubuntu” deyirik. Yarışsaydıq, yarışı ancaq bir nəfər qazanacaqdı. Digərləri məğlub və kədərli ikən qalib gələnin meyvələri təkbaşına yeməsi necə ola bilərdi? Ona görə də bunu birlikdə etdik və meyvələri də bölüşərək yedik. “Ubuntu” bizim dilimizdə “Mən “Biz” olduğumuz zaman “Mən”əm deməkdir”.
Biz-Azərbaycan Polisi də bunu etdik. Pandemiya dövründə bizə həvalə olunanın öhdəsindən layiqincə gəlmək üçün gecə-gündüz bilmədik. Öz həyatımızı riskə atıb bu çətin günlərdə də həmişə olduğu kimi xalqımızla həmrəylik nümayiş etdirdik. Köməyə ehtiyacı olan aztəminatlı ailələrə, yaş məhdudiyyəti ilə bağlı “evdəqal” çağırışına riayət edən insanlara yardım göstərməklə “ubuntu” etdik. Çalışdıq ki, hər kəsə əlimiz çatsın, ümmüz yetsin. Yəni “Mən”in “Biz” olduğumuzu dedik. Bu günün işini sabaha qoymadıq, cinayətkarlıqla qətiyyətli mübarizəmizi də davam etdirdik. “Ən yaxşı dost çətin gündə tanınar”mış. Bunu ünvanımıza yazılan onlarla məktubda oxuduq və sevindik. Andımıza, adımıza sadiqliyimiz şeirə çevrildi, nəğməyə döndü. Dövlətimizin vətəndaşlara verdiyi önəmi, dəyəri biz də öz xidmətimizlə sərgilədik. Bunu hamı gördü, yazdı, paylaşdı. Sevindik, güc aldıq və daha da əzmlə çalışdıq. Ancaq, nədənsə, bu çətin, sıxıntılı günlərdə gəzməyə yox, söyməyə qərib ölkə axtaranlar, özgələrə satılmış sosial şəbəkələrin adsız “qəhrəmanları” üzə çıxmadılar. Nə kiməsə yardım etdilər, nə də görülən nəcib əməllərdən danışdılar. Hər vəchlə polisin ünvanına çamur atıb suyu bulandırmağa çalışıb “dayday”larından sifariş gözlədilər. Qısası, Afrikadakı qəbilənin uşaqlarından ibrət götürüb içimizdəki “mən”sizlər “biz” ola, bizlərdən ola bilmədilər.
Tərifə, alqışa ehtiyacımız yoxdu. Əməlimizlə, fəaliyyətimizlə, sadiqliyimizlə 100 illik şərəfli döyüş və xidmət yolu keçərək özümüzü təsdiqləmişik. Bu gün vətəndaş-polis həmrəyliyi bizlərə-Azərbaycan Polisinə olan inam və etibarın əyani sübutudur.
İstəyirik ki, klaviatura və ekran arxasında gizlənən “aslanlar” şər, böhtan yağdırmaqdansa, susub abırsızlıqlarına kor olsunlar. Vətən daşı ola bilməsələr də, Vətəni daşlamasınlar.
Bu günü, sabahı etibarlı əllərdə olan Azərbaycanı qaranlıqlara boğmaq istəyənlərin arzusu gözündə qalacaq. Dünyanın “sabitlik adası”nda əmin-amanlığı qorumaq, asayişi etibarlı təmin etmək üçün xalqın dəstəyinə güvənən hüquq mühafizə, o cümlədən daxili işlər orqanları mübariz keşikdə ayıq-sayıqdırlar...

Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər