Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.05.2020

Güvənirlər, sevirlər və yazırlar

Daxili İşlər Nazirliyinə ünvanlanan məktublar bir daha onu deməyə əsas verir ki, xalqımız asayişin və sabitliyin keşiyində ayıq-sayıq dayanan polisini sevir, etibar edir, onu özünə güvənc yeri bilir.
“Kürəsəlləşən dünya XXI əsrdə yeni koronavirus təhlükəsi ilə üz-üzə qaldı. Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalaraq infeksiyanı pandemiya elan etdi. Gündoğan yarımkürədən ildırım sürəti ilə qərb yarımkürəsini əhatə edən pandemiya təəssüflər olsun ki, Azərbaycandan da yan keçmədi. Ancaq ölkə prezidenti cənab İlham Əliyevin vaxtında həyata keçirdiyi qətiyyətli tədbirlər təhlükənin törədəcəyi fəsadları minumuma endirdi. Əhalinin yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə aidiyyatı dövlət orqanları gücləndirilmiş iş rejiminə keçərək səfərbər olundu. ““Evdəqal”maqla bəlaya qalib gəlmək olar”-deyib mübarizənin ön sıralarında yer alan səhiyyə işçiləri və daxili işlər orqanlarının şəxsi heyəti həyat qurtarmaq üçün həyatlarını riskə atdılar.

Azərbaycan Polisi dünən olduğu kimi bu gün də cəbhədədir, vətəndaşa təhlükədən daha yaxındır, adına və andına sadiqdir. Üzərinə düşən vəzifələri uğurla icra edir, xidməti fəaliyyətdə fədakarlıq nümayiş etdirir. “Evdəqal” çağırışına riayət etməyənlərin, lüzumsuz küçəyə çıxıb xüsusi karantin rejiminin qaydalarını pozanların əsassız narazılıqları ilə qarşılaşsa da nəzakətlə davranır, görülən qabaqlayıcı profilaktik tədbirlərin məhz onların sağlamlıqları üçün vacib olduğunu izah edirlər. Asayiş keşikçiləri bu çətin və ağır günlərdə nümunəvi addımları, nəcib əməlləriylə bir çoxlarına örnək olmağı da bacardılar. Həm də əsl vətəndaş mövqeyi sərgilədilər. Aztəminatlı, ehtiyacı olan ailələrə baş çəkib onlara köməklik göstərdilər. Tədbirlər çərçivəsində polis veteranlarının ailələri də diqqətdən kənarda qalmadı. Bax, bu Azərbaycan Polisinin vətəndaşına verdiyi dəyərin daha bir əyani təzahürü idi.

Çoxları bilsə də, yenə xatırlatmaqda fayda var. Hələ o zamanlar müstəqilliyin ilk illərində erməni işğalçılarının torpaqlarımıza təcavüzü başlayanda tabel silahı ilə cəbhəyə, ön xəttə ilk atılan polis idi. Sıralarından yüzlərlə şəhid verməsinə baxmayaraq torpaqlarımızın müdafiəsi uğrunda əzmlə, şücaətlə döyüşürdülər.
Onlar bu gün də döyüşürlər-yaş, irq, cins, mənsubiyyət tanımayan gözəgörünməz düşmənlə. Əminik ki, ictimai asayişin və təhlükəsizliyin keşiyində mətin dayanan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan daxili işlər orqanlarının şəxsi heyəti bu savaşdan da qalib ayrılacaq”.
Bu fikirlər Bakının bir qrup ziyalısı adından yazıçı-jurnalist Hüseyn Məmmədovun DİN-ə ünvanladığı məktubundandır.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər