Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.05.2020

Polis ömrü

Əslində, etiraf etməliyik: ata-anamızdan çox qanundan qorxduq. Andımız məsuliyyətimizi artırdı. Qanundan qorxmaqla bərabər, dürüst olmağı öyrətdi bu peşə bizə. Öyrətdi ki, içdiyin anda sayğı ilə yanaş, elin gözündə ucalmaq istəyirsənsə, tələb etdiklərinə birinci özün əməl et.

Bərkə-boşa düşdük, mundirimizdəki üçrəngli bayrağa, gerbə baxıb güc aldıq. Qarabağ uğrunda döyüşlərdə Vətən oğullarına dayaq olduğumuz kimi, Şəhidlər xiyabanında da onları tək qoymadıq. Bu torpağı öz boyumuz qədər qoruyub haqqa qovuşduq. Adımız itkinlər siyahısında da yer aldı. Bu gün də doğmalarımızın gözü yoldadır.
Bizə güvənənlərin güvənc yeri olduq, ağrıyan görəndə ağrımızı unudub köməyə tələsdik. Çörəyimizi adamlarla yanaşı, heyvanlarla, quşlarla da böldük. Yolda qalanları mənzil başına çatdırdıq.

Yolunu “azan”ların, ayağının altında yeri, başının üstündə göyü görməyənlərin “dərs”ini verdik. Bizi sevsinlər, seçsinlər deyə etmədik bunu. Etdik ki, tanrıya bəndə olduğumuzu, günaha deyil, savaba doğru getdiyimizi görənlər, haqdan dönənlər pis əməllərdən, ömrü yarım qoyan zərərli vərdişlərdən əl çəkib arxamızca gəlsinlər.

Biz polisik, Azərbaycan Polisi. Yuxusuz gecələrimiz Vətənimizin aydın sabahları üçündür. Körpələr beşiyində rahat uyusun deyə analarımızın da laylasının keşiyindəyik.
1918-dən bəri hər anı ölümə qənşər gedən müstəqil Azərbaycanın Polisiyik. O müqəddəs yadıgarın varisini, dünyaya günəş kimi doğan müasir Azərbaycanı bizə bəxş edən ulu öndərin ideallarına sadiq qalıb polis ömrünün acısını, şirinini yaşayırıq. Borcumuz olanı qorumaq üçün canımızdan keçmişik, keçirik, keçəcəyik də.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər