Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.05.2020

İtalyada Azərbaycan yadigarı

Zaman keçdikcə tarixin qaranlıq səhifələri açılır. Ancaq elə sirlər var ki, onlar hələ də sir olaraq qalmaqdadır. Nə vaxtsa onlar da açılacaq.  1941-1945-ci illər müharibəsinin bəzi gizlinləri kimi…
İkinci Dünya müharibəsinin ilk günlərində 40 mindən çox azərbaycanlı könüllü olaraq cəbhəyə yollanıb. Ümumilikdə isə 700 minə yaxın soydaşımız “Böyük Vətən” üçün döyüşüb. Müharibədə sovet qoşunlarının yanacağa tələbatının 70 faizini Azərbaycan təmin edib. Bakı nefti olmasaydı Berlin təslim olmayacaqdı.

İtaliyanın şimalında, Monte di Nese şəhərində 1941-1945-ci illərdə həlak olan azərbaycanlıların xatirəsinə bir memorial abidə ucaldılıb.
Bəs, görəsən, İtaliyada almanlara qarşı döyüşən 120 azərbaycanlının şücaəti barədə ictimayətin məlumatı varmı?
İtalyan professor Mixail Talatay “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabında onlardan bəhs edir. Bildirir ki, bir çox azərbaycanlı döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif edilib, xeyli sayda soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
İtaliya və Yuqoslaviya dəstələri ilə faşistlərə qarşı mübarizə aparan, partizan kəşfiyyat-təxribat qrupuna rəhbərlik edən Mehdi Hüseynzadəni (Mixaylo) italyanlar bu gün də unutmurlar. O, ölümündən sonra 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Mehdinin qəbri üstündəki xatirə lövhəsinə bu sözlər yazılıb: “Burada Mehdi Hüseynzadə (Mixaylo) dəfn olunub... 2 XI 1944-cü ildə Vitovlyedə qəhrəmancasına həlak olub”. Həmyerlimizin faşist işğalçılarına qarşı apardığı mübarizə və göstərdiyi şücayətlər ekranlaşdırılıb. Həsən Seyidbəylinin ssenarisi əsasında, Tofiq Tağızadənin rejissorluğu ilə “Uzaq sahillərdə”  filmi çəkilib.
Həmin dövrdə  azərbaycanlılardan ibarət partizan hərəkatının fəal iştirakçılarından biri də Əli Babayev idi. O, göstərdiyi qəhrəmanlığa görə İtaliyanın “Hərbi şücaətinə görə” medalı ilə təltif edilmişdi.  

“Monte di Nese”

Karolina Letini İtaliyanın Şimalında yerləşən Monti de Nese kəndində 120 azərbaycanlının faşistlər tərəfindən amansızcasına öldürülməsinin şahidi olub. O hər dəfə bu haqda danışarkən göz yaşları içində boğulur: “Döyüş səhər saat 06:00-da  başladı və günortaya qədər davam etdi. Azərbaycanlılar əsl qəhrəman kimi sona qədər döyüşdülər. Sayları çox az idi-cəmi  120 nəfər. Onlar təqribən 2500 düşmən əsgəri tərəfindən mühasirəyə alınmışdı”...
1945-ci ilin 13 aprelində baş vermiş dəhşətli hadisələr Monte di Nesedə hələ də xatırlanır. Burada İtaliya uğrunda döyüşən 120 azərbaycanlıların şərəfinə xatirə lövhəsi ucaldılıb. Üstündən, 75 il ötsə də Monte di Nesenin əhalisi hər il bu qəhrəmanların abidəsi ziyarətə gəlir, onların xatirələrini anırlar...
Həmin illərdə İtaliyanın Şimalında Lombard vilayətində güclü antifaşist hərəkatı var idi. Azərbaycanlı əsgərlər də bunlardan ən böyüyü – Garibaldi partizan  briqadasına qoşulmaq üçün Berqamonun yaxınlığında yerləşən Alzano Lombardaya can atırdılar.
80 yaşlı Karolina Letina olanları belə xatırlayır: “Biz bilmirdik ki, onlar kimdir, hansı millətin nümayəndələridirlər. Çox qorxurduq. Həmin əsgərlər yorğun və ac idilər. Onlar kəndə pənah gətirmişdilər.”
Yerli keşiş, Ata Severino Vitali öz xatirələrində yazırdı: “Yerli sakinlər azərbaycanlı partizanlara öz evlərində yer verdilər. Hətta sakinlərdən bəziləri  partizanlara qoşulmaq istəyirdilər”.
Karolina Letina: “1945-ci il aprel ayının 13-də səhər tezdən 2.500 nəfərdən çox faşist əsgəri kəndə daxil oldu. Onlar kəndi əhatəyə alıb azərbaycanlı əsgərlərin harada gizləndiyini soruşurdular. Kəndlilər isə deyirdilər ki, Monte di Nessedə əsgər yoxdur. Bundan sonra onlar kəndliləri qəddarçasına döyməyə başladılar. Faşistlər atamı çağırdılar və evini axtaracaqlarını bildirdilər. Atam isə  evdə iki balaca qızımdan başqa heç kimin olmadığını dedi. Onlar içəri girəndə azərbaycanlı əsgərləri gördükdə hiddətlənir və atamı evin qarşısında güllələyirlər. Faşist zabitlərinə yaxınlaşan bir nəfər onlara alçaq səslə Azərbaycan əsgərlərinin gizləndikləri evlərin yerini dedi. Demək olar ki, kənd əsl döyüş meydanına çevrildi”.
Maria Lechininin 6 yaşı vardı və baş verənləri belə xatırlayır: “Azərbaycanlı əsgərlər  qəhrəmancasına savaşırdılar. Onlar – 120 azərbaycanlı təslim olmamaq  üçün  2.500 faşist əsgərinə qarşı 6 saat müqavimət göstərdilər...”
Bu döyüş professor Mixail  Talatayın yazdığı “Dal lancaso Appennini” (“Qafqazdan Appeninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında”) adlı kitabında ətraflı təsvir olunub. O, keşik Ata Severina Vitalinin xatirələrindən sitat gətirir: “Faşistlər əsirlərin üst geyimlərini, cüzdanlarını və başqa şəxsi əşyalarını topladılar. Sonra onlara ayaqqablarını çıxartmağı əmr etdilər. Beləcə, 120 nəfərdən ibarət partizan Monte di Nesedə qəhrəmancasına döyüşüb həlak oldular...”
Karolina Letina: “Azərbaycanlı əsgərlərinin meyidləri bir neçə gün kənddə qaldı. Faşistlər onları dəfn etməyə icazə vermədilər. Lakin onlar çıxıb gedəndən sonra biz azərbaycanlıları kənd qəbristanlığının yanında dəfn etdik. Çünki əsgərlərin şəxsiyyətləri naməlum idi, faşistlər onların bütün sənədlərini götürmüşdülər”...
Monte di Nesedəki, hadisələr İtalyanın  “Corriere della Sera” qəzetində və tarixçi Andora Piasellininin ”Ladıserzione” (“Qaçqınlıq”) adlı kitabından belə xatırlanır: “Azərbaycanlı əsgərlər İtalyan partizanları Pietro Herandi və Epifano Mucheletti vasitəsi ilə əlaqə qururdular. Partizanların arasında ən fəalları Ağamoğlan Ağayev və Musa Məmmədov idi. Sonuncu sonralar “balaca İtalian” ləqəbi ilə tanınıb. Rəhbərlik etdiyi 250 nəfərdən ibarət partizan qrupu İtaliyanın azad olunması istiqamətində böyük şücaət göstərib”...

Ruslan Vəliyev,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər