Logotype

1933-cü ildən çıxır

Xəbərlər

24.04.2020

Sınaqlar hələ qarşıdadır

Koronavirus infeksiyası ilə mübarizə tədbirləri ümummilli hərəkata çevrilib. Mübarizənin ön sıralarında isə polislər və həkimlərdir. Bu çətin günlərdə öz şagirdlərini, tələbələrini auditoriyaya, sinif otağına yığa bilməsə də onları texnologiyanın imkanlarından istifadə edərək bir kompüter arxasına yığmağı bacaran və daha böyük həvəslə gəncliyimizi gələcəyə hazırlayan müəllimlərimizin də adını fədakarlarla bir sırada çəkməliyik…
Bu gün karantin rejimi dövründə respublikamızın ən böyük xüsusi təyinatlı təhsil müəssisələrindən olan Daxili İşlər Nazirliyinin Polis Akademiyasında görülən işlər barəsində məlumat almaq üçün Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyevə müraciət etdik. Tədrisin bugünkü vəziyyəti ilə bağlı suallarımızı cavablandıran N.Əliyev bildirdi ki, auditoriyalar şəbəkə vasitəsilə biri-biri ilə bağlıdır. Sosial distansiyanı qorumaq, kursantların sayı on nəfərdən artıq olmamaq şərtilə texniki imkanlar mühazirə və seminarların Təhsil Nazirliyinin tətbiq etdiyi qaydalara uyğun olaraq onlayn şəkildə keçirilməsinə imkan verir.
“Tədrisin keyfiyyəti müəllimin hazırlığından asılıdır. Hər il Akademiyanı əlaçı bitirənlərin sayının artması, professor-müəllim heyətinin öyrətmək üçün fədakarlığı burada təhsilin hansı səviyyədə olmasının bariz nümunəsidir. Kursantların dərslərə hazırlaşması üçün kitabxanalarla yanaşı, müasir tələblərə cavab verən elektron kitabxana da fəaliyyət göstərir. Bu isə onu deməyə əsas veririk ki, bu il də yay semestri başa çatanadək heç bir geriliyə yol vermədən, proqramdakı dərslər müvəffəqiyyətlə keçiriləcəkdir”.
Onlayn sistem vasitəsilə auditoriyalarda kursantlara nəzarət mexanizminə gəlincə, Akademiya rəisi dedi ki, ötən dövr ərzində ciddi nizam-intzam qaydalarının pozulması hallarına rast gəlinməyib.
Görülən bütün tədbirlər kursantların sağlamlığının qorunmasına yönəldiyindən onların immunitetlərinin gücləndirilməsi diqqət mərkəzindədir. Şəxsi heyətlə işləyən bütün əməkdaşlar qoruyucu vasitələrdən-əlcək və maskadan istifadə edirlər. Zərurət olduğu halda kənardan Akademiyanın ərazisinə daxil olan şəxslər dezinfeksiya edilir, onların hərarətləri yoxlanılır.
“Tibb xidmətinin əməkdaşları tərəfindən hər gün daimi və kursant heyətinin hərarəti ölçülür, bunun üçün xüsusi ayrılmış kitabda qeydiyyat aparılır”.
Akademiyada karantin rejimi tətbiq olunsa da beynəlxalq əlaqələrin güclənməsi üçün müasir texnologiyalar köməyə çatır. Belə ki, müxtəlif mövzuları əhatə edən elmi-praktik konfranslar onlayn şəkildə keçirilir, pofessor-müəllim heyətinin, o cümlədən kursantların dünyanın bir çöx ölkəsinə məqalələri, tezisləri göndərilir.
Şəxsi heyət ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına qoşularaq Xəzər rayonunda ehtiyacı olan aztəminatlı ailələrin köməyinə çatıb, onlara ərzaq yardımı göstərib. Akademiyanın yaşı 65-i keçmiş və bu səbəbdən xidmətdən azad edilmiş mülki işçiləri də diqqətdən kənarda qalmayıb.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun karantin rejimi dövründə Akademiya rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxladığını, şəxsi heyətin sağlıq durumu ilə maraqlandığını deyən polis general-mayoru Nazim Əliyev bu yüksək etimadın şəxsi heyət arasında ruh yüksəkliyinə səbəb olduğunu xüsusi vurğuladı.
İqtisadiyyatı çökdürsə də, qoca-gənc demədən canlar alsa da, bu virusun hardasa bir müsbət təsiri o oldu ki, insanlar biri-birinə gərəkli olduqlarını dərk etdilər. Gücün birlikdə olduğunu öyrəndilər. Elə sıramıza qatılan gənclərin də polis olaraq ilk sınaqları gözəgörünməz düşmənlə mübarizə oldu.

T. Hafiz

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər