21.04.2020
“Mübariz keşikdə”yə...
Nərimanov rayon sakini Turan Ziyadxanlının redaksiyamıza göndərdiyi bu məktub diqqətimizi çəkdi. Polisi sevdirən, insanlar arasında ona rəğbət, nüfuz qazandıran, məktubda adı çəkilməyən həmkarımıza isə təşəkkürümüzü bildiririk.
“Qonşumuz polisdir. Səmimi insan olduğuna görə böyükdən-kiçiyə hamı ona hörmətlə yanaşır. Mən də onun xətrini çox istiyirəm.
Üzündən-gözündən təbəssüm heç vaxt əskik olmur. Eşitdiyi hər xoş xəbərə, hamının uğuruna sevinir. Çalışır ki, hər bir işdə insanlara, xüsusən gənclərə kömək olsun, onlara həyatda düzgün seçim etməyə istiqamət versin. Orta məktəbi bitirdikdən sonra mənə və bacıma ali məktəb seçməkdə məsləhət verən, ixtisas kodlaşmasını aparmaqda yaxından köməklik göstərən də o olmuşdu. İşdən yorğun gəlsə də, bu məsələni vacib sayıb yardıma tələsmişdi. Özü də təmənnasız, minnətsiz...
Zehinlərin, əhvalların pessimizmə təslim olduğu belə bir zamanda onun pozitivliyi bizlərə də təsir edir, ruhdan düşməyə qoymur.
Məni bu məktubu yazmağa vadar edən bir başqa səbəbdir.
Tətbiq edilən karantin rejimi ilə bağlı küçələrdən, həyət-bacadan əl-ayaq çəkilib. Elə bu günlərdə POLİS qonşumla rastlaşdım. Çoxdandır görmədiyimdən qucaqlamaq istədim. O isə şəhadət barmağını zarafatla mənə tuşlayıb dedi:
¬¬ “Sosial məsafəni saxla”. Sonra gülə-gülə əlini çiynimə vurub “Möhkəm ol, belə lazımdır”, - deyib pərtliyimi aradan qaldırmağa çalışdı. Mən də onun dediklərini tam doğru hesab edib, gülə-gülə “baş üstə” cavabını verdim. Birdən gözüm əlindəki politilen torbanın üstündəki yazıya sataşdı və gülümsəyərək soruşdum:
- Deyəsən, daha bu marketdən bazarlıq etmirsiniz?
Cavabı qısa oldu: “Hə, bu marketi işlədənlər insanlıqdan uzaq imişlər. Neçə gündür yuxarı dayanacağın yanındakı marketdən alış-veriş edirəm. Ordakılar yaxşı adamlardır”...
Sağollaşıb, ayrıldıq. Axşam atama qonşumuzu gördüyümü, ona salam yolladığını dedim. Sözarası yaxınlıqdakı marketin işçilərindən narazı qaldığını, yuxarıdakı marketdən alış-veriş etdiyini bildirdim. Anam da qonşuların o marketi təriflədiklərini dedi.
Ertəsi gün mən də yolumu həmin marketdən saldım. Lazım olan ərzaqları götürüb kassaya yaxınlaşdım. Birdən gözüm yaxınlıqdakı zənbilə və üzərinə yapışdırılmış vərəqdəki yazıya sataşdı: “Ehtiyacı olanlar! Bunu qardaşınız sizin üçün saxlayıb, götürün, halal xoşunuz olsun!
Gözlərim dolmuşdu. Aldıqlarımın ödənişini etdikdən sonra kassadakı xanıma: “Çox nəcib addımdır, gözəl fikirləşmisiniz”, - deyib zənbilimdən bir çörək və qızım üçün aldığım iki peçenye qutusundan birini götürüb ora qoydum.
“Biz fikirləşməmişik, üç-dörd gündür səhər tezdən mağaza açılan kimi bir polis gəlir, 10 dənə çörək alıb zənbilə qoyur. Yazını da özü çap edib gətirib”.
İlk ağlıma Polis qonşum gəldi. Təxmini yaşını dedim, xarici görünüşünü təsvir etdim. Gözlədiyim cavabı aldığıma, zənnimdə yanılmadığıma, həm də o insanın öz böyüklüyünün təsdiqinə sevindim. Özümü saxlaya bilməyib “Tanıyıram, qonşumuzdur”, - dedim.
“Hamımızdan xahiş etmişdi ki, heç kəs bunu bilməsin. Amma, niyə də bilməsinlər? Deyir, aşağı dayanacaqdağın yanındakı marketdə də belə bir zənbil qoyubmuş. Kassada işləyən qızlardan biri ona deyib ki, o gedəndən sonra müdir həmin malları qaytarıb yerinə düzdürür. Özü də deyirmiş ki, o polisdir, pulu çoxdur, qoy bir az xərcləsin. Sonradan bizim mağazaya gəlib müdiriyyətlə danışıb. O da sağ olsun, bu işi bizə həvalə edib. Biz də çörəkdən tutmuş bir çox gündəlik istifadə edilən ərzaq məhsullarını o zənbilə qoyub, az da olsa camaata dəstək oluruq. Müştərilərimiz də çoxalıb, əksəriyyəti də çalışır ki, zənbilə nəsə qoysun.
İndi anladım ki, qonşumun dediyi “İnsanlıqdan uzaq” fikri nə deməkmiş.
Həm də bu çətin günlərdə bir daha şahidi oldum ki, hər bir polis əməkdaşı Vətən sevdalı, mərhəmətli, ürəyin sahibidir.
Bu gün Polisimiz dövlətimizin, xalqımızın, təhlükəsizliyini qoruyur, insanlara qayğısını əsirgəmir, cəmiyyətin gələcəyini düşünür. Onlardan birini isə mən şəxsən tanıyıram: “O, BİZİM QONŞUMUZdur !”