Logotype

1933-cü ildən çıxır

Xəbərlər

19.04.2020

Güclüyük, səbirliyik və qalib gələcəyik

Gündəmin mövzusu koronavirusdur. Praqnozlar ondan qurtulmağın elə də asan olmayacağını gözlər önünə sərir. Supergüclər tükəndiklərini etiraf edirlər. Pandemiya beyinləri köləyə çevirsə də yaşamaq uğrunda insanlığın mübarizəsi davam edir. Yaşananlar onu göstərdi ki, bütün inkişaflar sonda özünüməhvə gətirib çıxardır və sonuncu səmavi kitabda yazılanlar təsdiqini tapır.
Bəlanın sərhədlərimizə yaxınlaşdığı ilk gündən onun sürətlə yayılma tendensiyasını nəzərə alan möhtərəm Prezidentimizin çox böyük uzaqgörənliklə mühüm və düşünülmüş qərarlar qəbul etməsi bu gün faciə ilə üzbəüz qalan, səhiyyəsi aciz duruma düşən inkişaf etmiş dövlətlərin aqibəti ilə üzləşməkdən bizi xilas etdi. Əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən dövlət başçımızın siyasətinin bünövrəsində xalqımızı hər bir çətinlikdən qorumağın durduğunun bir daha şahidi olduq. Sitat: “Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir. Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk”…
Hər gün yüzlərlə insan ölümünə şahid olduğumuz bir zamanda bir güllə belə atılmadan dünyanı saran səssiz ölümün gəlişini nə zənginlər, nə də yoxsullar duyur. Eqosu atomlardan qorxulu olan, dünyanı yenidən bölmək üçün milyonlarla insanın ölümünə bir göz qırpımında qol çəkmək üçün fürsət gözləyənlərin, “yerin dərdini” kosmosa daşıyanların idarəolunmaz və qarşısı alınmaz gücə çevrilən kiçik bir zərrəcikdən sarsılmaları göz önündədir.
Dünya xəritəsində kiçik də olsa öz yeri olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə yüklənən, hələ də torpaqlarının 20 faizindən çoxunun işğal edildiyi bir ölkənin belə bir çətin dönəmdə duruş gətirməsi, vətəndaşlarının həyatını qoruması yaxşı bilirik ki, dost və ya düşmən masalarında müzakirə mövzusudur.
Təkcə özümüzü deyil, dünyanı qurtarmaq üçün çabalarımız, daha çətin durumda olan ölkələrə etdiyimiz yardımlar tolerant və multikultural dəyərləri anayasamızdan tutmuş, qəbul edilən qərarlarda, verilən fərman və sərəncamlarda önə çəkməyimiz bir xalq olaraq humanistliyimizin, həm də qədim dövlətçilik ənənələrimizin təzahürüdür.
Cənab Prezidentin tapşırığı ilə dövlətin bütün qurumları səfərbər olunub. Azərbaycan Polisi isə həmişə olduğu kimi mübarizənin ön sıralarındadır. Və bu gün onun üzərinə düşən məsuliyyətin coğrafiyası bütün Azərbaycanı əhatə edir. Paytaxtdan tutmuş, ən ucqarlarda tətbiq olunan karantin rejiminin "keşiyində" ayıq-sayıq dayanıb Azərbaycan Polisi. Belə ağır və çətin günləri 1988-ci il hadisələrindən sonra da yaşamışdıq və bədəlini də çox ağır ödədik. 1991-ci ildə müstəqilliyimizə gedən yollara tikanlı məftillər çəkmək niyyətində olanları xalqımızın əzmi, iradəsi və birliyi darmadağın etdi. Siyasi oyunların qurbanı isə torpaqlarımız oldu. Həmin dövrdə də ölkənin hələ olmayan ordusunun-Vətəni qorumaq üçün üçrəngli bayrağın altında and içib döyüşə yollanan oğulların önündə Azərbaycan Polisi gedirdi və bu təkzibolunmaz fakt, unudulmaz tarixdir.
Yaşanan pandemiya bizə həmin dövrü xatırladır. Yenə də Dövlət-Xalq, Vətəndaş-Polis həmrəyliyi ilə yaşam uğrunda mücadilə edirik, daha doğrusu, mübarizə aparırıq. Qarşıya çıxan çətinlikləri dəf etmək, insanların ehtiyacını ödəmək üçün dövlət bütün lazımı tədbirləri görür.
Ancaq təəssüflər olsun ki, bu günlərdə dövlətin siyasətinə, xüsusən də onun bel sütunu olan Azərbaycan Polisinə sərhədlərimizdən o üzdə və içimizdə kök salmış “beşinci kolon”çular tərəfindən çamur atanlara da şahid oluruq.
Güclü Azərbaycanın varlığı və onun regionda böyük güclərin hesablaşdığı söz sahibinə çevrilməsi, əlbəttə ki, siyasi xətti dağıdıcılıq və qəsbkarlıq olanları narahat etməyə bilməz. Bir həqiqət var ki, Azərbaycan adlı gəminin göyərtəsində 10 milyonluq bir xalq zaman-zaman kiçilmiş xəritəsini bərpa etmək, sərhədlərə sığmayan sərhəddini yenidən müəyyənləşdirmək üçün möhtərəm Prezidentimizin rəhbərliyi ilə inamla üzü sabaha yol gedir. Gücün sözdə olmadığını, işdə, fikirdə və əməldə olduğunu görmək istəyənlər Azərbaycan həqiqətlərinə öz aynalarından deyil, min illərə şahidlik edən, odlu ürəyi dünyanı isidən, ayna suları gələcəyimizə işıq saçan Xəzərimizdən baxsalar kifayətdir.

Hafiz Təmirov,
fotolar Zeyni Hüseyinovundur

Geriyə Çap et


Faydalı keçidlər
Linklər