10.04.2020
Məni qoruyacaq mənim polisim
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, təqaüddə olan polis polkovniki Fəxrəddin Teyyub həyatımızın və səbrimizin sınağa çəkildiyi bu günlərdə, karantin rejimi dövründə insanlarımızın sağlamlığı üçün öz həyatlarını riskə atan, sabitliyi qoruyan həmkarlarımıza “Məni qoruyacaq mənim polisim” adlı şeir həsr edib. Həmin şeiri diqqətinizə çatdırırıq.
məni qoruyacaq mənim polisim
Adam gözə dəymir daha şəhərdə,
Şəhər xəstələnib yarası dərin.
Sənin addım səsin axşam, səhər də,
Pozur sükutunu boş küçələrin.
Hər kəs öz evində, sən hər yerdəsən,
Yolunu nigaran qalan gözləyir.
Gecə də, gündüz də küçələrdəsən,
Gözünün işığı balan gözləyir.
Hər arzun ox kimi dəyir hədəfə,
Qoyulur heykəli igidin, nərin
Önündə başımı əydim min dəfə,
Səni bu dünyaya gətirənlərin.
Zəhmət üzə gülür, belə bilirəm,
Görmüşəm yağışda, qarda halını
Sıravi görəndə elə bilirəm,
Görürəm sabahın generalını.
Uca dağ qüruru çinar boyunda,
Uzatsam, əllərim buluda çatar.
Bir polis ömrünün yorğunluğunda,
Evdə qalan kəsin rahatlığı var.
Gün gələr medal da görəcək sinən,
Karonavirusa qənim polisim.
Bələdəm əzminə, iradəsinə,
Məni qoruyacaq mənim polisim.