Logotype

1933-cü ildən çıxır

Xəbərlər

16.03.2020

Tariximizi öyrənək...

“AĞOĞLAN” MƏBƏDİ
V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olmuş, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilmişdir.
Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapmışdır.
1992-ci ildə erməni qəsbkarları Laçını işğal etdikdən sonra “Ağoğlan” məbədini özününküləşdirməyə başlamışlar. Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silmiş, formalarını dəyişdirmişlər. Məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkitmiş, giriş qapısının önündə İrəvandan gətirilmiş xaç formasında daşlar basdırmış, binanın fasadını söküb kirəmid və dəmirlə əvəzləmişlər.
2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdürdüklərini bir daha əyani şəkildə göstərdilər.
REDAKSİYADAN:
Hansı peşənin sahibi oluruqsa-olaq, tariximizi bilməli və sevməliyik. Dəyişən dövrdə, kürəsəlləşən dünyada və sərhədləri aşan internet məkanında yaşadığımız ölkənin tarixi, keçmişi haqqında bilgimiz bizim ən kəsərli silahımızdır. Nəzərə alsaq ki, bu gün torpaqlarımız kimi tariximiz, incəsənətimiz, milli-mənəvi dəyərlərimiz də düşmən hədəfindədir, o zaman, vaxt itirmədən bilmədiklərimizi öyrənməli, bildiklərimizi isə öyrətməliyik. Bir müddət öncə tarixi Azərbaycan torpaqlarında dövlət quranların Baş nazirinə, eləcə də digər qanımıza susayanlara möhtərəm Prezidentimizin keçdiyi tarix dərsi hər birimizə örnək olmalıdır. Bu mənada, Daxili İşlər Nazirliyinin mətbu orqanı “Mübariz keşikdə” qəzeti də öyrətmək və təbliğ etmək missiyasını illərdir ki, uğurla və sevə-sevə yerinə yetirir. “Tariximizi öyrənək” rubrikasına start verməkdə məqsədimiz sıralarımızdakı gənclərimizə tarixi abidələrimizi, qədim yurd yerlərimizi-Qarabağımızı, Borçalımızı, Təbrizimizi, İrəvanımızı və Dərbəndimizi tanıtmaq, ən əsası, onlara tariximizi sevdirməkdir.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər