Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.03.2020

Laqeyd olmayaq

Bu günlərdə Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin tərəfindən hazırlanmış videoçarxda, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş cüdo üzrə paralimpiya çempionu İlham Zəkiyev “Unutmayın ki, sizin ani səhlənkarlığınız özünüzün və başqalarının həyatını alt-üst edə bilər”,- deyərək göz görə-görə özünü ölümə atanlara səslənirdi.
Bu, əslində, həyəcan siqnalıdır. Hər gün eşitdiyimiz xəbərlərin arxasında həyatla vidalaşan insanların özündən sonra kədər içində onu xatırlayacaq doğması, yaxını, dostu var. Ani bir diqqətsizliyin, qaydalara əməl etməməyin və ya deyilənləri qulaqardına vurmağın hansı təhlükələrə yol açdığını bilə-bilə bəs nə üçün öz sağlamlığımıza biganəyik? Özümüzə, sevdiklərimizə qarşı laqeydliyimiz bizi uçuruma aparır, ancaq təəssüflər olsun ki, fərqində deyilik.
Bəzən “tələsirdim” bəhanəsiylə sürət həddini aşanlar, işıqforun qırmızı işığına məhəl qoymayanlar, təhlükəsizlik kəmərini taxmayanlar zamanı geri qaytarmağa çalışsalar da gec olur, beləcə, “yollar yenə can aldı” ifadəsi ümumişlək sözə çevrilir. Əslində, yollar can almır, insan öz ömrünün qənimidir. Reallıq budur ki, bundan nəticə çıxaranların sayı həyatını itirənlərdən çox azdır. Baş verən hadisələrin səbəbləri, aparılan təhlillər bunu deməyə əsas verir.
Həyatını təhlükəyə atanlara polis yollarda çağırış etməklə, protokol yazmaqla, avtomobilini cərimə meydançasına aparmaqla və bu kimi cəza tədbirləri ilə işini bitmiş hesab etmir. O, həm də maarifləndirir: Bağçada, məktəbdə, elə iş başında da.
Bəzən böyüklər kiçiklərin “ehtiyatlı ol, ata, ana” sözünü bədbəxt hadisələr baş verəndən sonra xatırlayıb peşmançılıq hissi keçirirlər. Təəssüflər olsun ki, keçirilən maarifləndirmə tədbirlərində yol-hərəkəti təhlükəsizliyini öyrənən uşaqlar, bu qaydalara riayət etməyən valideynlərin törətdiyi qəzaların qurbanı olurlar.
Bu faktdır ki, yollarda heç də həmişə sürücülər qayda pozmurlar, qaydapozmaların müəyyən hissəsi də piyadaların payına düşür. Onlar səhlənkarlıqları ucbatından öz həyatları ilə yanaşı, sürücülərin də həyat və sağlamlıqlarını təhlükəyə atırlar. Çoxu, ən pis halda, cərimə olunacağını düşünüb yolun hərəkət hissəsindən keçməyi ilə səhvinin cəzasını canı bahasına ödəyir...
Elə yeri gəlmişkən, 2019-cu ildə piyada vurmalar ümumi qəzaların 60 faizindən çoxunu təşkil edib.
Sükan arxasında ehtiyatlı olaq, yolu keçərkən yeraltı və yerüstü piyada keçidlərindən istifadə edək, çünki gözləyənlərimiz var.

Vüsal Məmmədov

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər