Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.03.2020

Qələbə onun alın yazısıdır

“İnsan var qocalır, insan var köhnəlir”. Qocalmaq da bir nemətdir. Ancaq “köhnəlməyi” insanla heç cürə əlaqələndirmək olmur. Dilimizin qanunauyğunluqları da bunu inkar edir. Bu fikrin fəlsəfi yozumunu çözəndən, daha doğrusu, tarix yaşıdı olanları görüb-tanıyandan sonra aqillərin nə demək istədiyini anladım. O, da qocalanlardandır...

Doğum günü təbiətin “toy vədəsi”nə-may ayına təsadüf etsə də gəncliyi güllərə yox, güllələrə tuş gəldi. “Böyük Vətən”i müdafiə etmək üçün o da yüz minlərlə soydaşımız kimi silaha sarıldı. Ömrü ölümlərdən sıyrıldı. Gözləri önündə dostları can verdi, mərmilər torpağın altını-üstünə çevirdi. Yaşadıqlarından ona yadigar sinəsini bəzəyən medallar, bu yaşına kimi bədənində gəzdirdiyi qəlpələr və çiyin-çiyin döyüşdüyü yoldaşlarının acı taleləri oldu. O, bizlərə, elə sizlərə də yaxşı tanışdır...
Böyük Vətən müharibəsi veteranı, təqaüddə olan polis polkovnik-leytenantı Daşdəmir Kazım oğlu Paşayev 1925-ci il mayın 10-da Lerikdə doğulub. Ehtiyacın, çətinliyin tərs üzünü uşaqlıqdan görüb. Gənclik illəri də odun-alovun içində keçib, çünki o illərin gəncləri hərbi xidmətə deyil, birbaşa cəbhəyə gedirdilər. O, cəbhəyə yola düşəndə 1943-cü il idi. Döyüş meydanlarında faşistlərin xain pusqusu ilə də üzləşib. İndi həmin illəri belə xatırlayır: “Vitebsk şəhərini azad etmək uğrunda dəfələrlə hücum etməyimizə baxmayaraq çoxlu itki verdik. On, on iki nəfər salamat qalmışdıq. Üzbəüz yüksəkliyi tutmaq əmri gələndə yenidən döyüş meydanına atıldıq. Faşistlər bizi yaxına buraxıb qəfləti atəş açdılar. Geri çəkilməyə məcbur olduq. Ac-susuz bir neçə gün səngərdə gecələdik. Səngərə mərmi düşdü və mən torpaq altında qaldım. Döyüşçü yoldaşlarım məni torpağın altından çıxartdılar. 21 noyabr sübh çağı yenidən hücum əmri verildi. Düşmənin müqavimətini qırdıq və xeyli irəlilədik. Bir tərəfimiz bataqlıq, o biri tərəfimiz isə meşə idi. Qəflətən faşistlər hücuma keçdilər. Yaralandım. Güllə döş qəfəsimə dəyərək 2 qabırğamı sındırmış, 2-sini də zədələmişdi. Yaramı bağlayıb məni döyüş meydanından uzaqlaşdırdılar. Qanımın axmağı və qarın üstündə uzanmağım yadıma gəlir...”

Bir neçə ay müalicə aldıqdan sonra cəbhəyə qayıdıb və Belarusiyanın azad olunmasında əsl şücaət göstərib.
Yeri gəlmişkən, Belarusun azad olunması uğrunda gedən döyüşlərdəki igidliyinə görə o, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkanın imzası ilə qələbənin “65”, “70” və “75” illik yubiley medalları ilə təltif olunub.
Müsahibim xatirələrini bölüşdükcə üzündə yaranan təbəssüm qələbə sevincini, alnındakı qırışları kədərini ifadə edirdi. Gözlərində isə yaşananlara görə qürur, fərəh hissi əks olunurdu...
Bu gün o qanlı-qadalı illərin şahidi olmuş veteranlarımıza dövlət tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Onların sosial problemlərinin həlli daim diqqətdə saxlanılır. Tarixə qəhrəmanlıq səlnaməsi yazan bu insanları gənclər də unutmurlar. Məktəblərdə və digər əmək kollektivlərində onlarla görüşlər keçirilir, keçdikləri ömür yoluna yenidən nəzər salırlar.
Birinci Avropa Oyunlarının məşəlini əlində tutan, 95-in dizini qatlayan, faşizm üzərində qələbənin 75-ci ilini qeyd etməyə hazırlaşan Daşdəmir müəllimin, hörmətli veteranımızın Qarabağ adlı nisgili də var. O günü, həyatının ikinci qələbəsini görəcəyinə də inamı var. Çünki qələbə onun qismətidir, alın yazısıdır...


Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər