Logotype

1933-cü ildən çıxır

Xəbərlər

26.02.2020

Xocalı faciəsinin qurbanları yad edildi

Fevralın 24-də Daxili İşlər Nazirliyində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olan 17 polis əməkdaşının, soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 28 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.

İ.Əliyev vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır.

Nazir müavini İ.Əliyev respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva onlara göstərilən diqqətə, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemlərin həllinə görə şəhid ailələri adından ölkə və DİN rəhbərliyinə minnətdarlığını ifadə edib.

Zeyni Hüseynov,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər