Logotype

1933-cü ildən çıxır

Xəbərlər

21.02.2020

Etibarlı mühafizə, qətiyyətli mübarizə

Onlar üçün, sözün həqiqi mənasında gecə ilə gündüzün fərqi yoxdur, həmişə xidmətdədirlər: mühafizə edir, cinayətkarlığa qarşı mübarizə aparır, sabitliyin, əmin-amanlığın keşiyində ayıq-sayıq dayanır, öz dərdlərini, ailə qayğılarını belə unudub insanların köməyinə çatır və onlara etibar ediləni cinayətkar qəsdlərdən qoruyurlar.

Ərazi polis orqanları ilə əlaqəli şəkildə fəaliyyətlərini genişləndirib axtarışda olanların tutulmasında, vətəndaş-polis münasibətlərinin qarşılıqlı şəkildə formalaşmasında da əməkləri az deyil. Məhz bu işlərinə görə də onlar haqqında yazanda sözün qarşısında aciz qalmamışıq və görülən işlərin hərəsi ayrı-ayrılıqda bir yazı mövzusu kimi ərsəyə gəlib.

Günü-gündən böyüyən, gözəlləşən və yeniləşən, sovet dönəmində olduğu kimi bu gün də Azərbaycanın sənaye şəhəri statusunu qoruyub-saxlayan Sumqayıtda Şəhər Mühafizə Şöbəsinin fəaliyyətini vətəndaşlar da yüksək qiymətləndirirlər.
Müşahidələrimdən gəldiyim ilk qənaət bu oldu ki, əvvəlki illərlə müqayisədə son dövrlər xidmətin təşkili, aparılması, ona nəzarət və şəxsi heyətin bu istiqamətdəki fəaliyyəti təkmilləşib işlək bir mexanizm halını alıb...

İdarə rəisi, polis polkovniki Sahib Vəliyevi Növbətçi hissədə görəndə, düzü, təəccüb etdim. Gün ərzində qorunan obyektlərdən daxil olan məlumatların yoxlanılması, Şəhər Polis İdarəsi ilə əlaqəli fəaliyyət barədə növbətçinin məruzəsi, xüsusi rabitə vasitələrinin sazlığına nəzarət, onların enerji ilə mütəmadi təmini və rəisin “Polisin işi Növbətçi hissədən başlayır” fikri söhbətimizə körpü oldu.
Məlum oldu ki, idarə tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 771 obyekt (109-u digər xidmət növləri) mühafizə olunur, onlardan 26 obyekt polis, 31 obyekt Mülki Mühafizə xidməti, 605 obyekt Mərkəzi Mühafizə Məntəqəsi vasitəsilə qorunur.
Görülmüş tədbirlər nəticəsində 2019-cu il ərzində 182 obyekt, o cümlədən 62 mənzil mühafizəyə qəbul edilmişdir (sentyabr ayından ilin sonunadək 59 obyekt, o cümlədən 30 mənzil). İl ərzində mühafizəyə dair yeni xidmət növlərinin göstərilməsi ilə əlaqədar bağlanmış müqavilələrin ümumi sayı 109-a çatdırılıb.
Şəhər Polis İdarəsinin əməkdaşları ilə birlikdə vətəndaşlar arasında aparılan təbliğat və maarifləndirmənin nəticəsidir ki, şəhər ərazisində qorunmayan obyekt və mənzillərin mühafizəyə qəbulu ilə bağlı daxil olmuş 68 ərizədən 31-i icraya yönəldilib.

Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinin nəticəsidir ki, 1 yanğın, mühafizə olunan obyektlərdən 4 oğurluq hadisəsinin qarşısı alınıb, bu zaman 2 digər 4 fakt üzrə cinayətlərin qarşısı alınarkən 6, ictimai qaydanı pozan 71 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Hesabat dövrü ərzində mühafizə olunan obyektlərdə sayıq xidmət nəticəsində oğurluq faktı qeydə alınmayıb.
Diqqətimizə o da çatdırıldı ki, şəhər ərazisindəki bağçalar “həyacan düyməsi” vasitəsilə İdarə tərəfindən mühafizəyə cəlb olunub.
İdarə əməkdaşları talassemiya xəstələrinə dəstək məqsədi ilə keçirilmiş qanvermə aksiyasında da fəal iştirak ediblər.


Sumqayıt şəhərinin 70 illiyində ictimai qaydanın və təhlükəsizliyin təminində də fərqlənmiş, idarənin kiçik inspektoru, polis baş serjantı Nəzər Fərhadov şəhər rəhbərliyinin “Fəxri fərman”ı ilə təltif edilib.
DİN və BMİ rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində İdarənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində daim işlər aparılır. Şəxsi heyətin xüsusi şəraitdə xidmət aparması məqsədilə Sumqayıt şəhər “N” saylı hərbi hissədə keçirilən təlim məşqlərində istifadə üçün 50 ədəd xüsusi geyim forması və BMİ tərəfindən 2 avtonəqliyyat vasitəsi ayrılaraq əməkdaşların istifadəsinə verilmişdir.
S.Vəliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirildiyini, bu məqsədlə, idarənin köməkçi inzibati binasında yerləşən idman zalının təmir olunduğunu və əlavə idman alətləri ilə təchiz edildiyini dedi.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əməkdaşların xatirə İdarənin girişində olan xatirə lövhəsi yenilənib, ətrafına qızılgül kolları əkilib. “Onların əziz xatirələri anılır, ailələri ilə görüşlər təşkil edilir ki, sıramıza yeni qoşulan gənclər kimsənin unudulmadığını və yaddan çıxmadığını bilsinlər”. Bunu da idarə rəisi dedi...
“Əgər bu mundiri əynimizə geyinmişiksə, qanımızla, canımızla bağlı olduğumuz üçrəngli bayrağın altından keçib and içmişiksə, demək böyük bir məsuliyyətin altına çiynimizi vermişik. Xalq bizə öz malını, mülkünü, haqqını, canını etibar edir. Bu etibarı doğrultmaq, şərəfli bir vətəndaş-polis ömrü yaşamaq və vətəndaşa təhlükədən daha yaxın olmağın özü ölçüyəgəlməz bir xoşbəxtlikdir”. Bu, onların-Sumqayıt Şəhər Mühafizə İdarəsi əməkdaşlarının devizidir.
Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər