Logotype

1933-cü ildən çıxır

Xəbərlər

20.02.2020

Beş film, 101 mükafat

Azərbaycanlının çəkdiyi filmlər okeanın o tayında - ABŞ, Belçika, Hollandiya, Meksika, Almaniya, Kanada, Fransa, İtaliya və Hindistanda əks-səda doğurdu. Bir çox ölkənin kino xadimləri, ünlü rejissorları filmlər haqqında yüksək fikir söylədilər. Elə mətbuatımız da dünyaya səs salan həmin filmlərdən yazdı, müzakirələr aparıldı. Ancaq çoxları bu ekran əsərlərini ərsəyə gətirənin polis veteranı olduğunu ya diqqətdən qaçırdı, ya da yazmaq istəmədilər.

Cəlaləddin Qasımov təqaüddə olan polis mayorudur. Harda doğulub, hansı ali məktəbdə təhsil alıb, onu polisə nə gətirib, neçənci ildə daxili işlər orqanlarına qəbul olunub kimi məlumatlar əldə etmək istəsəniz internetdə axtarış vermək kifayətdir.
O, "27 ildən sonra", "Çingiz xanın xəzinəsi", "Tariximizin açılmayan sirləri", "Vətən uğrunda vuran ürəklər" və "Bir rəisin gündəliyi" kitablarının müəllifidir.
Ona beynəlxalq kinofestivallarında uğur gətirən isə 2018-ci ildə ekranlaşdırılan "Şollerin arxivi" filmidir. Cəlaləddin Qasımovun "Edam günü", "Nobel qardaşlarının ilk uğuru", "Stalinin qaranlıq keçmişi", "100 illik şərəfli ömür" və "Milyoner Musa Nağıyev" filmləri də dünya gündəmini zəbt edib.
Bir az da filmlər barədə. “Şollerin arxivi” və “Edam günü” filmləri Yaponiyanın ən nüfuzlu “Genre Celebration” festivalında qəbul olunub. “Edam günü” bədii filmi “Best Drama Feature” (“Ən Yaxşı Dram – Bədii”) nominasiyası üzrə qaliblər sırasında yer alıb. “Şollerin arxivi” bədii filmi də adı çəkilən festivalda 3700 film arasından altı filmə verilən “Best Drama Feature” nominasiyasına layiq görülüb, Kanada Beynəlxalq Film Festivalının kubokunu qazanıb.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Xalqımızın multikultural dəyərlərə sadiq qalması, Azərbaycanda yaşayan, dinindən, dilindən asılı olmayaraq hər kəsə sevgi filmin ana xəttini təşkil edir.

Film barəsində kinotənqidçi Sədaqət Kamal yazır: …“Kinomuzun 120 illiyi ərəfəsində kino ictimaiyyətinə yetərincə tanış olmayan təqaüddə olan polis mayoru Cəlaləddin Qasımovun iki filminin dünya kinofestivallarına çıxışı və qazandığı mükafatlar çox maraqlı bir fakt kimi göründü. Faktı maraqlı edən isə uzun illər polisdə xidmət etmiş şəxsin kinomuzdakı boşluğu doldurmaq üçün fəaliyyət dairəsini 360 dərəcə dəyişdirməsiydi. “Şollerin arxivi” filmini kinomuzda bir mərhələ adlandırsaq yanılmarıq. Azərbaycan-Alman dostluğunun 200 illiyinə həsr olunan bu filmi xalqımızın insanpərvər, dostluğu qardaşlıq səviyyəsində uca tutan olduğunu faktlara söykənərək təqdim edən bir sənəd kimi də qəbul etmək münasibdir”...
Yeri gəlmişkən, C.Qasımov Dünya Narkotiklərlə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan üzrə rəhbəri, Mahmud Kaşqari adına Beynəlxalq Fondun vitse-prezidentidir.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər