Logotype

1933-cü ildən çıxır

Xəbərlər

18.02.2020

Uçuruma aparanlar Onlar layla demir…

Son zamanlar daxili işlər orqanları əməkdaşları tərəfindən keçirilən tədbirlərdə qadın narkotacirlərin tutulması çox ağrılıdır. Yaranışla yaşıd olan varlığın bizi sonu görünməz bəlalarla üzbəüz qoyan, millətin genefondunu məhvə sürükləyən əməllərlə pul qazanması Ana adının böyüklüyünə kölgə salır. Bəzilərinin ortada dəlil və sübütlar olduğu halda “humanist yanaşma” nümayiş etdirərək onların cəzadan azad edilmələri üçün sosial şəbəkələr üzərindən “vəkillik” etmələri qanunun geriyə addım atmasına heç bir hüquqi əsas vermir.
O da anadır. Bəs nə üçün əli “ölümlə” oynayır. Nə üçün qəlbindəki şəfqətin, mərhəmətin yerini övladı yaşındakıları vaxtsız ölümlərə sürükləyən pis əməllər tutub? Suala cavab tapmaq elə də çətin deyil. Çünki o, nə vaxtsa uçurumun kənarında buraxılacağını gözləri önünə gətirməyib. Bir sözlə, bu “ana”lar maariflənməyib, maarifləndirilməyiblər və kimsə onlara deməyib ki, narkomaniya “səssiz ölümdür”. O elə bir anda gəlib ən yaxınımızı əlimizdən alır, özümüzü dəmir barmaqlıqlar arxasına salır ki, “Sonrakı peşmançılıq fayda verməz”in faydasını onda anlayırıq. Sonra isə gec olur…
Bəli, qanunsuz əməl sahibi milliyyətindən, vəzifəsindən, cinsindən asılı olmayaraq qanun qarşısına mütləq çıxarılır və o, etdiyinə görə cəzasını alır. Ancaq qadınlar cəzalandırılanda (axı onlar zərifdirlər) qəlbimizdən qırılıb düşən tellərin yeri bizi göyüm-göyüm göynədir. Zərərli vərdişləri özünə peşəyə çevirən, narkotiklərin satışı ilə məşğul olan və sonda layiqli cəzasına çatan qadınlarla, zəriflərlə, dilə gətirilməsi belə çətin olsa da gələcəyin bir əsgərini, bir alimini, bir Anasını da itirmiş oluruq.
Təcrübə göstərir ki, bəzi işbazlar diqqət çəkməmək üçün qadınları şirnikləndirib öz torlarına salırlar. Onlar da “Nazlı”lar (Sabunçuda tutulan narkotacir qadının ləqəbi”, “İkoş”lar (Abşeronda tutulan narkotacir qadının ləqəbi) kimi narkotik vasitələri gənclərə satmaqla potensial cinayətkara, manqurta çevirir və anlamırlar ki, zombiləşmiş təfəkkürlə gələcəyi düşünmək mümkün deyil.
XXI əsrdə daha sağlam və daha kamil insan modeli yaratmaq uğrunda mübarizə cəmiyyətdə mənəvi “bağların” qırılmasının qarşısını almağa yönəlsə də təəssüflər olsun ki, son iki əsrdə insanlığın məhvinə yol açan real təhlükənin-narkomaniyanın dünyanı hörümçək toru kimi sarmasının qarşısını ala bilmirik.
Yeri gəlmişkən, ötən il Azərbaycanda qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Bəla ilə mübarizə üçün təklif cəmiyyətdən, sabahımızı düşünən insanlardan gəlsə də onunla mübarizədə daha kəskin qətiyyət nümayiş etdirən hüquq mühafizə orqanları, eləcə də Azərbaycan Polisidir. Keçirilən sorğular zamanı vətəndaşlar etiraf edirlər ki, polis, valideyn və məktəb həmrəyliyi millətin gələcəyini özünə hədəf seçənlərdən qoruyan əsas gücdür. Real mənzərə budur ki, övladına tərbiyə, təhsil verə bilməyən, onların taleyinə biganə yanaşan valideynlərin borcunu da polis yerinə yetirir. O, maarifləndirir, çəkindirir, doğru yolu göstərir, Vətəni, xalqı sevməyi öyrədir.
Əgər cəmiyyəti, xüsusən də gəncləri narkomaniyadan və digər zərərli vərdişlərdən qorumaq istəyiriksə, valideynlərin, anaların maariflənməsini diqqətdə saxlamalıyıq.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər