Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.11.2019

Bir insani xilas et ki, bəşəriyyət yaşasin...

-Ata, Vətən nədir?
-Vətən sənin qəlbindir, damarında qanındır.
-Onda hər ay mənə xəstəxanada qanı Vətən verir?
Talassemiyadan əziyyət çəkən qızcığazın verdiyi sualdan atanın gözləri yaşardı və övladının bunu görməməsi üçün üzünü yana çevirib astadan dilləndi:
- Qızım, Vətənin dəyərli övladları öz qanları, canları ilə həm bizi qoruyur, həm də qanlarını qanvermə aksiyalarında donorluq etməklə sənin kimi balaların sağlam və firavan həyat sürməsindən ötrü əsirgəmirlər. İndi sənə köçürüləcək qanı elə Vətənin hədiyyəsi kimi qəbul et...

Talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında təşkil edilən qanvermə aksiyası da əsl xeyriyyəçilik missiyası, vətəndaşlıq borcu idi.
"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq, keçirilən aksiyada alayın şəxsi heyəti yüksək həvəslə və könüllü olaraq iştirak edirdi.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor polis əməkdaşının sağlamlığı öncədən müəyyən olunduqdan sonra, onlardan qan analizi götürülürdü.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin vacib və xeyirxah iş olduğunu bildiriblər. Onlar, qana ehtiyacı olan insanların köməyinə çatmaqla bu nəcib və humanist aksiyada yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu da qeyd etdilər.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Anar Qafarov,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər